Xanlar İmaməliyev: “Dövlətimizə, Möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən cəbrayıllılar bundan sonra əzəli yurd yerlərində əbədi yaşayacaqlar”.

İmaməliyev Xanlar Əmirqulu oğlu
Səbail rayonu, 236 nömrəli tam orta məktəbin direktoru



28 il bundan əvvəl 1993-cü il avqust ayının 23-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Cəbrayıl rayonu işğal olunmuşdur. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olmuşdur. 52000 nəfər əhalisi olan, 1050 kv.km-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılmış və nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir.İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında çətin həyat tərzinə düçar olan cəbrayıllıların problemləri tədricən öz həllini tapmağa başladı. 2003-cü ildən isə bu missiyanı Ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev şərəflə yerinə yetirməyə müvəffəq oldu. Dövlət başçısının diqqət və qayğısı sayəsində bütün çadır düşərgələri ləğv edildi, məcburi köçkünlərimiz müasir tipli qəsəbələrə köçürüldü. Ölkə başçısının köçkünlərlə keçirtdiyi çoxsaylı görüşlərdə bu yaşayış məskənlərinin müvəqqəti olacağı, ata-baba yurdlarına tezliklə dönəcəkləri günün uzaqda olmadığı həmişə vurğulanırdı.
2016-cı ilin aprelində isə Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirilərək işğal altındakı “Lələtəpə” yüksəkliyinin azad edilməsi Qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Cocuq Mərcanlı kəndində insanların yaşayışı bərpa olundu. Bununla da, “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.
Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susub və münaqişəni həll etməyib. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deməyib. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etmişdir. Əvəzinə, təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır.Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, doğma yurdumuz, Zəfərin müjdəçisi olan Cəbrayıl dünyanın ən gözəl yurd yerlərindən birinə çevriləcək. 27 il yurd vüsalı ilə yaşayan, Dövlətimizə, Möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən cəbrayıllılar bundan sonra əzəli yurd yerlərində əbədi yaşayacaqlar.