Xarici siyasətimizin əsas amilləri: dayanıqlı iqtisadiyyat, güclü ordu, daxili sabitlik - ŞƏRH

Dayanıqlı iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir.

Bu fikri Milli Məclisin deputatı Cəbi Quliyev AZƏRTAC-a açıqlamasında səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində nitqi zamanı səsləndirdiyi fikirlər öz konseptuallığı ilə seçilirdi: “Azərbaycanda 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri mahiyyət etibarilə əvvəlki seçkilərdən köklü şəkildə fərqlənirdi. Budəfəki seçki adından da göründüyü kimi, növbədənkənar idi. Siyasi zərurətdən və sosial sifarişdən doğan seçki göstərdi ki, xalqımız yeni dövrə kimlə birgə addımlamaq istəyir. İnsanlar bilirdilər ki, onlar seçki məntəqələrinə getməsələr də belə qalib bəllidir. Bəs yüz minlərlə seçici niyə səsvermədə iştirak etdi? Onları buna məcbur edən oldumu? Əsla. Səbəb çox sadədir. Vətəndaşlar bu seçkidə iştirakı minnətdarlıq hissinin ifadəsi, bir vəfa borcu hesab edirdilər. Ərazi bütövlüyümüzü təmin edən, milli qürurumuzu özümüzə qaytaran Ali Baş Komandan xalqa verdiyi bir nömrəli, həlli çətin vədi yerinə yetirdiyi üçün biz də öz borcumuzu seçkilərdə iştirak etməklə qaytardıq. Həqiqətən də, bu dəfə seçkilərdə iştirak bizə edilən yaxşılığın qarşılığını vermək idi. Xalqımız pisliyi tez yaddan çıxaran olsa da, yaxşılığı unutmur”.

Son 20 ilin tarixinin göz qabağında olduğunu deyən deputat əlavə edib: “Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb. Bu seçki Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə xalqın əla qiymət verməsi idi. Xalqımız bu seçkilərdə bir daha öz liderinə olan inamını və sevgisini nümayiş etdirdi. Xalq-Lider birliyi ilə ölkəmizin əldə edə bilməyəcəyi nailiyyət, şübhəsiz ki, yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni-yeni uğurlara imza atacaq. İlham Əliyev seçkilərdə 92 faizdən dən çox səs toplamaqla təkcə MSK tərəfindən qeydə alınmış namizədlərə qalib gəlmədi. O, Azərbaycanda qarışıqlıq yaradaraq ölkəni zəif duruma salmaq istəyənlərə, Qarabağ Zəfərinin qisasını bizdən almağı düşünənlərə qalib gəldi. O, okeanın o tayından, Arazın o biri üzündən, qoca qitədən, tarixi torpağımız olan İrəvandan ölkəmizə uzanan xain əlləri bir daha kəsib atdı, xor baxanların gözlərini kor etdi”.

C.Quliyev onu da vurğulayıb ki, qarşıdakı 7 ildə Azərbaycan dövləti, Azərbaycan vətəndaşı daha güclü olacaq. Güclü vətəndaş güclü dövlətin təməlidir. Yeni zirvələri məhz İlham Əliyevin liderliyi ilə fəth edəcəyik.