YAP Gənclər Birliyindən “Viki Klub” layihəsi

Fevralın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən dünyanın ən böyük elektron ensiklopediyası hesab olunan Vikipediya platformasında Azərbaycanla bağlı mövcud məlumatların təkmilləşdirilməsi, təhrif olunmuş məlumatlara düzəlişlərin edilməsi və bu istiqamətlərdə fəaliyyət göstərən peşəkar şəxslərin sayının artırılması məqsədi ilə təşkil olunan “Viki Klub” layihəsinin açılış mərasimi olub.

Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib ki, “Qorqud” Vikipediya metodik klubunun tərəfdaşlığı ilə baş tutan layihə çərçivəsində peşəkar Vikipediya təlimçiləri tərəfindən İKT sahəsindəki bilik və bacarıqları nəzərə alınmaqla seçilmiş 30 nəfər gənc 10 hissəli təlim prosesinə cəlb olunub. Onun sözlərinə görə, təlimlərin yekununda layihə iştirakçıları tam şəkildə Vikipediya platforması üzərindən yeni məqalələrin yaradılması, düzəlişlərin edilməsi və digər bacarıqlara yiyələnmiş olacaqlar.

“Qorqud” Vikipediya metodik klubunun eksperti Sübhan Xıdırzadə isə deyib ki, qarşıya qoyulan hədəflər böyükdür və layihə iştirakçıları ilə böyük işlərə nail olunacaq.

Bildirilib ki, ilkin olaraq 30 gəncin iştirakı ilə formalaşdırılan klub mütəmadi olaraq ölkəmizlə bağlı yeni məqalələrin hazırlanıb yerləşdirilməsi, o cümlədən mövcud yazıların təkmilləşdirilməsi prosesini həyata keçirəcək. Klubun fəaliyyətinə dair mütəmadi olaraq hesabatlar hazırlanacaq.

Sonra təlimlərə start verilib.