YAP iki rayonda hesabat konfransı keçirdi

Avqustun 19-da Yeni Azərbaycan Partiyası Şamaxı  rayon təşkilatının videoformatda  IX hesabat konfransı keçirilib. Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Gündəliyə uyğun olaraq Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, tədbirlər planına uyğun olaraq hesabat dövrü ərzində görülmüş işlərdən,  partiya üzvlərinin ictimai-siyasi proseslərdəki aktiv iştirakından geniş bəhs edib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun yeni dövrün tələblərinə uyğun davam etdirilməsi sayəsində Azərbaycanın qazandığı möhtəşəm uğurlardan danışan B. Abbasov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizlə Azərbaycanı dünyaya qalib ölkə kimi  təqdim etdi. B.Abbasov daha sonra qeyd etdi ki, hazırda YAP Şamaxı  rayon təşkilatının 85 ərazi ilk partiya  təşkilatı öz sıralarında 8126 üzvü  birləşdirir. Onlardan 4350  nəfəri  qadın, 4071 nəfəri isə  gənclərdir.

  Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri  Anar Osmanovun hesabat məruzəsi dinlənilib. Müzakirələr zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Pedaqoji Universitetin Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatı İdarə heyətinin üzvü, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova hesabat dövrü ərzində görülən işlərdən geniş bəhs ediblər. Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası  Mərkəzi Aparatının  Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, dövrün, zamanın tələbinə uyğun olaraq yeniləşmə, təkmilləşmə gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın qarşısında daha geniş imkanlar açır. Bütün bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin son 18 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir və bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının üzvlərinin də xidmətləri danılmazdır. Ə.Tağıyev çıxışının sonunda YAP Şamaxı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.   Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 

***

 

Avqustun 19-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva hesabat məruzəsi ilə çıxış edib. M.Ağayeva Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. Məruzədə qeyd olunub ki, ulu öndər Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir.

Vurğulanıb ki, YAP Sabirabad rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özündə 94 ərazi ilk partiya təşkilatını birləşdirir. Hazırda rayon üzrə partiya üzvlərinin sayı 12052 nəfər təşkil edir ki, onların 4338 nəfəri qadın, 4848 nəfəri gənclərdir.

Sonra YAP Sabirabad rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Cavid Cavadovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Sabirabad rayon təşkilatı İdarə Heyətinin üzvü, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, rayon təşkilatının Şura üzvü, əməkdar mədəniyyət işçisi Şüküfə Əsgərova, rayon təşkilatının Gənclər Birliyinin sədri Varis Rüstəmov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. Ə.Tağıyev vurğulayıb ki, YAP yeniliklərə böyük önəm verən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı şəkildə bəhs edib, YAP Sabirabad rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, YAP Sabirabad rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.