YAP-ın Gənclər Birliyinin iclası keçirilib - FOTOLAR

Martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib.

YAP-dan Sabahinfo.az-a verilən məlumata görə, əvvəlcə iclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Tahir Budaqov qeyd edib ki, qurultayda partiyamızın sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu deyən YAP sədrinin müavini bununla da müasir Azərbaycanın tarixində yeni səhifənin açıldığını soyləyib. Onun sözlərinə görə, qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha möhtəşəm vəzifələr dayanır. Ona görə də, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq.

Yeni Azərbaycan Partiyasının Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Tahir Budaqov qeyd edib ki, hər bir şəxs üçün Ulu Öndərin yaradıcısı olduğu partiyanın üzvü olmaq böyük şərəfdir. YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən bəhs edən Mərkəzi Aparatın rəhbəri bildirib ki, 1990-cı illərin əvvəllərində respublikada xaos, anarxiya hökm sürürdü və dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, ölkəni məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı.

YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən Tahir Budaqov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir.

Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən Tahir Budaqov ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

Tahir Budaqov YAP Gənclər Birliyinin yeni rəhbərliyini və üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bu il Azərbaycanın dövlət müstəqiliyinin bərpa olunmasının, gələn il isə YAP-ın yaranmasının 30 illiyinin tamam olacağını deyən YAP sədrinin müavini bu əlamətdar hadisələr ərəfəsində gənclərin yeni təşəbbüslərlə çıxış etmələrinin vacibliyini vurğulayıb. Bütövlükdə, YAP gəncləri ölkəmizn inkişafı prosesinə öz töhfələrini fəal şəkildə verməlidir.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.

İclasda, həmçinin Milli Məclisin deputatları Aydın Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çxış ediblər.