YAP Xətai rayon təşkilatı tarixi Zəfərimizin qələbələrlə dolu hər anını xüsusi qeyd edir

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu gün harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları qürurlandırır, xalqımıza bu sevinci yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlıq hissini ifadə edirlər. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının hər bir şəhər və rayon təşkilatı bu günlər Vətən müharibəsi şəhidlərini Anım Günü ilə bağlı silsilə tədbirlər keçirir, bu tədbirlərdə 30 ilin işğalına 44 gündə son qoyan Vətən oğullarının qəhrəmanlığından, şücaətindən geniş bəhs olunur.

YAP Xətai rayon təşkilatı İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin qələbələrlə dolu hər anını keçirdiyi tədbirlərlə geniş ictimaiyyət arasında təbliğ edir. Belə ki, partiyanın rayon təşkilatının sədri Vüqar Rəhimzadə və təşkilatın fəal üzvləri Xətai rayonundan olan şəhidlərimizin İkinci Fəxri xiyabanda, Şəhidlər qəbiristanlığında məzarlarını ziyarət edərək xatirələrini böyük ehtiramla anırlar. Həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün onların adına vurulan xatirə lövhələrinin və inşa edilən bulaqların, parkların açılışında iştirak edirlər. Rayon təşkilatının üzvləri, həmçinin bu günlər şəhid ailələri və qazilərlə görüşür, onların qayğıları ilə maraqlanırlar.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirir ki, şəhidlər zaman keçdikcə əfsanəyə dönürlər. Mərd, igid oğulları olan xalq heç vaxt yağı düşmənə, namərdə baş əymir, daim qələbələr qazanır. Məhz belə keyfiyyətlərə sahib olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində yenilməzliyini, məğrurluğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Keçirilən silsilə tədbirlərin maarifləndirici əhəmiyyətindən bəhs edən Vüqar Rəhimzadə vurğulayır ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, şəhidlərimizi hər bir Azərbaycan gənci yaxından tanımalı, onların keçdikləri şərəfli döyüş yoluna dərindən bələd olmalıdır. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və ölüm-dirim savaşında düşmənə qan udduran qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Artıq ölkəmizdə şəhidlərimizin doğum və anım günlərinin böyük ehtiramla qeyd olunması ənənə halını alıb. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər birimizin qəlbində yaşayırlar və tarixboyu yaşayacaqlar.

YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin davamlı olacağını bildirir. Xüsusi qeyd edir ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 günün hər gününü tariximizə Qələbə səhifəsi kimi yazan 3 minə yaxın şəhidimizin, yüzlərlə qazimizin həyat yolu daim vərəqlənəcək, bundan sonra da neçə-neçə nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayacaq.