Yardımlının işıq problemi: narazılıq pik həddə

Əli Zülfüqaroğlu

Bu gün dünya kritik və həlledici mərhələdən keçir. Dördüncü sənaye inqilabı, süni intellekt, blokçeyn, alternativ enerji və.s kimi dünyanı dəyişəcək texnologiya və ideyaların praktiki tətbiqi mərhələsinin başlanması dövrü qlobal qarşıdurmalarla müşahidə olunur ki, bu da ölkələr və xalqların daha sərt təhdidlərə və şaraitlərə hazırlıqlı olmasını diktə edir.
Biz, bütün dünyanın prioritet mövzu kimi şərh etdiyi bu anlayışlardan bəhs etmək niyyətində deyilik.
Biz, çox çox illər geriyə qayıdaraq, hələ də sovet dönəminin dağılma ərəfəsində, yaxud sovet hökuməti qurulan illərdə müzakirə olunan və dünya, eyni zamanda ölkəmizin əksər bölgələri üçün artıq arxivə qapadılan kiçik, ancaq xalq üçün böyük çətinliklər yaradan problemlərdən danışmaq məcburiyyətində qaldığımızı təəsüflə vurğulamaq zorundayıq. Yarıtmaz məmurların “fəaliyyəti” nəticəsində yaranan və keçmişi bu günə daşıyan problemlərdən...
Azərbaycan kimi enerji ölkəsinin hansısa bir rayonunda 90-cı illərdə olduğu kimi elektirik enerjisi probleminin olması və bunun həll edilməməsi sadəcə utancvericidir.
Təəssüf ki, Yardımlıda işıq problemi hələ də ilk yerdə dayanır.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən bir müddət rayonda qaldım və bu zaman kəsiyində bir çox sahələrdə olduğu kimi, biz də, media olaraq onlayn fəaliyyət göstərdik. Amma buna onlayn fəaliyyət demək mümkündürsə...
İşıqlar tez-tez söndüyündən yazıları vaxtında göndərmək mümkün olmurdu. Əksər hallarda redaksiyaya “işığımız sönüb” deməyə utanır və bunun hazırki dövrdə inandırıcı səbəb kimi başa düşülməyəcəyini bildiyim üçün başqa “səbəblər”i əsas gətirirdim. Amma təəssüf ki, vəziyyətin bərbad olması müasir dünyaya və bu dünyanın bir parçası olan ölkəmizdə aparılan islahatlara uyğun deyil. Onu da deməliyik ki, rayonda olduğumuz müddət ərzində 70 minlik rayon əhalisinin bu vəziyyətə düşməsi ilə bağlı birbaşa məsuliyyət daşıyan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yardımlı rayon şöbəsinin sakinləri razı salan fəaliyyətinin şahidi olmadıq. Bu səbəbdən də bütövlükdə “Azərişıq” ASC-nin nüfuzdan düşməməsi üçün bölgələrdə, eyni zamanda Yardımlı rayonunda ciddi araşdırmaya və nəzarətə ehtiyac var...
Hesab edirəm ki, bu cür yarıtmaz fəaliyyət dövlət başçısının ölkənin inkişafı naminə atdığı addımlara, apardığı siyasətə adekvat deyil. Konkret olaraq Yardımlı rayonunda əhalinin fasiləsiz elektirik enerjisinin təmin olunması ilə bağlı yaranmış problemlərin təcili olaraq aradan qaldırılmasına ciddi ehtiyac duyulur. Yarıtmaz fəaliyyət göstərən, öz işinin öhdəsindən gələ bilməyən, nöqsanlara yol verən məmurlarla bağlı tədbir görülməli və bu sahədə də bacarıqlı kadrlar önə çəkilməlidir.
Hər hansı bir qurum kiminsə şəxsi mülkiyyəti deyil, vətəndaşlara layiqli xidmət göstərmək əhalinin ödədiyi vergilər hesabına dövlətdən maaş alan məmurların vəzifə borcudur.
Kənd sakinləri bizimlə söhbətlərində bildirirlər ki, şikayətlərə cavab olaraq problemlər “problemlərin aradan qaldırılması üçün vəsait ayrılmır”, “maddi-texniki təminat yox səviyyəsindədir”, “dirəklər ədədlə verilir” və.s. kimi fikirlərlə əsaslandırılır.
Təbii ki, bu sakinləri maraqlandırmır, əhaliyə işıq lazımdır, nəyin çatıb-çatmadığı vətəndaşın problemi deyil. Əgər maddi texniki təminatda problem varsa, o zaman bu yerli şöbə tərəfindən “Azərişıq” ASC rəhbərliyinin diqqətinə çatdırılmalı, material tələb olunmalı və problem öz həllini tapmalıdır. Bütün bunlar praktiki fəaliyyətdə nəzərə çarpmadığından rayonda işıqla bağlı narazılıq pik həddədir...
Sakinlər həmçinin bildirirlər ki, məsələn sərhədyanı Avaş kəndində hər hansı bir təmir aparılarkən nəyə görə, Şəfəqli, yaxud daha aşağı kəndlərdə işıqlar söndürülməlidir: “Özlərinə əziyyət verib qəza baş verən kəndin elektirik enerjisini deyil, birbaşa rayon mərkəzindən elektirik enerjisinin verilməsini dayandırırlar. Nəticədə bir kənddə təmir aparmaq üçün 5-10 kəndi işıqsız qoyurlar. Belə çıxır ki, həmin kəndlərin minlərlə sakininin işıqsız qalması “Azərişıq” əməkdaşlarının vecinə deyil”.
Kənd sakinləri tərəfindən “yeyinti” ilə bağlı müxtəlif iddialar və adlar səsləndirilir. Amma, bu məlumatlar dəqiqləşdirilmədiyindən işıqlandırmağa lüzum görmürük. Səsləndirilən ittihamların nə dərəcədə əsaslı olması isə “Azərişıq” ASC, yaxud digər müvafiq qurumlar tərəfindən son illər rayona ayrılan vəsaitin necə xərclənməsi, yaxud təmir üçün göndərilən materialların necə istifadə olunması ilə bağlı əsaslı araşdırma aparıldıqdan sonra müəyyənləşə bilər...