Yarım əsrlik əməkdaşlıq

Vyetnam Azərbaycan münasibətlərinin kökü yarım əsrlik bir zaman kəsimi əhatə edir ki, bu münasibətlərin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olub. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan dahi şəxsiyyət Heydər Əliyev Veytnamda neft sənayesinin inkişafında mühüm adımlar atıb. 1983-cü ildə Vyetnama rəsmi səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkib. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur. Bu sahəyə edilən investisiyalar nəticəsində Vyetnam neft sənayesi regional əhəmiyyət qazanmışdır.

Aradan keçən müddət ərzində iki ölkə arasında müxtəlif sahəli əməkdaşlıqlar davam etdirilir. Ötən günlərdə Vetynam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri qeyd olunan fikrin daha bir təsdiqidir.

İki ölkə arasında olan münasibəti “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində Prezident İlham Əliyev belə vurğulayıb: “Mənim 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi”.

Onu da qeyd edək ki, Azərbaycanın hümanitar yardım göstərdiyi ölkələr arasında Veytnam da xüsusi yer tutur. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, ölkədə fəal surətdə müxtəlif layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı