"Yaşamaq səninçün asan gəlməsin..." - Anar Məcidzadənin şeirləri

Heyif

Sanırdım ki, dünya gözəl dünyadır,
Nə bileydim əyriləri kalandır.
Doğrusunu tapa bilmədim, düzü,
Hər nə gördüm... mən gördüm ki, yalandır.

Hələ bu nədir ki, dost sandıqların,
Yavaş-yavaş sənə yad olacaqdır.
Kimi pis günündə olmayıb hayan,
Kimi kədərinə şad olacaqdır.

Neçə-neçə yalan söyləyəcəklər,
Nağılın dalınca nağıl gələcək.
Anar, ürək dözməz bu yalanlara, 
Yaşamaq da sənə ağır gələcək.

 

Şəhid Paşa

Vətən sevdalısı, Vətən diləkli,
Düşməndən qorxmayan cəsur ürəkli,
Koroğlu cüssəli, polad biləkli;
Şəhidim, igidim, qəhrəman Paşa!

Şəhidlər ölməyir, şəhidlər diri,
Tanrının yanında cənnətdir yeri,
Müqəddəs yurdumun şəhid əsgəri,
Şəhidim, igidim, qəhrəman Paşa!

Düşməndən qısasın gəldi məqamı,
Aldın yağılardan sən intiqamı.
Dünyanın ən gözəl, ən pak adamı,
Şəhidim, igidim, qəhrəman Paşa!

Yaşamaq səninçün asan gəlməsin

Həyatda gələcək çox iş başına,
Yaşamaq səninçün asan gəlməsin.
Zəhər qatılacaq xörək, aşına,
Yaşamaq səninçün asan gəlməsin.

Beynində yüz fikir doğulacaqdır,
Qəlbin dərd əlində boğulacaqdır,
Həyatın qəm ilə yoğrulacaqdır,
Yaşamaq səninçün asan gəlməsin.

Həyatın sonu var, ölüm anı var,
Ölümün qorxusu, həyacanı var,
Hər iki dünyanın imtahanı var,
Yaşamaq səninçün asan gəlməsin.

Anar, dünya sənə toy tutacaqdır,
Yasını saxlayıb, vay tutacaqdır,
Səni gör kimlərə tay tutacaqdır,
Yaşamaq səninçün asan gəlməsin.

 

Həyat və ölüm

Əziz dost, həyat ki var,
İlki dərddi, azardı,
Beşcə günlük səadət,
Sonu soyuq məzardı.

Biz dünyaya gələndən,
Həmdəmimiz göz yaşı.
Ağlayırıq, gülürük...
Sonunda məzar daşı.

Tanrı verən dərdi də,
Sevinci də yaşarıq.
Sonda torpağa dönüb,
Əbədi daşlaşarıq.

Ömrü elə yaşayaq,
Şükür edək hər ana.
Gün gələcək yazımız,
Dönəcəkdir xəzana.


Dərdimə əlac elə

Mənim bu dərdimə bir əlac elə,
Söylə: həsrətinə mən necə dözüm?
Biləsən, yığılmır nə vaxtdı evə,
Yollardan çəkilmir ürəyim, gözüm.

Özüm öz dərdimə qarışıb başım,
Hansı bir dərdimi deyim, danışım.
Sönən bir ocağam, çətin alışım,
Odumdan qalıbdır közərən közüm.

Şair də çatmasa arzuya, kama,
Qələm tutmaz əli, gəlməz ilhama.
Gəl, sən bu Anarı gülüm, qınama,
Sənsiz tükənibdir söhbətim, sözüm.

Mənim bu dərdimə bir əlac elə,
Söylə: həsrətinə mən necə dözüm?
Biləsən, yığılmır nə vaxtdı evə,
Yollarda çəkilmir ürəyim, gözüm.


Sevəmmədin sən məni

Polad idim əridim,
Çiçək idim dərildim,
Yüz yol ölüb, dirildim,
Sevəmmədin sən məni.

Bu nə qismət, nə baxtdı,
Bu nə qəm, bu nə ahdı,
Bəlkə sevmək günahdı?
Sevəmmədin sən məni.

Arzularım kəm oldu,
Ürəyimdə qəm oldu.
Gözlərim də nəm oldu,
Sevəmmədin sən məni.

Sevinc dərdə qoşuldu,
Bahar dönüb qış oldu.
Qəlbin yaman daş oldu,
Sevəmmədin sən məni.


Xoşbəxt olsun sevənlər

Kədər, qüssə lal olsun,
Sözlər dildə bal olsun,
Sevgiləri bol olsun,
Xoşbəxt olsun sevənlər.

Qar qışındı, bar yazın,
Qız bəyin, oğlan qızın.
Çəksinlər eşqin nazın,
Xoşbəxt olsun sevənlər.

Sevgi vardır binədən,
Dərd qoparır sinədən.
Bircə eh də demədən,
Xoşbəxt olsun sevənlər.

Anar MƏCİDZADƏ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü