Yeni Azərbaycan Partiyası qarşıda duran bütün hədəfləri reallaşdırmaq əzmindədir

42 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hicran Hüseynovanın yap.org.az-a müsahibəsini təqdim edirik:

Hicran xanım, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar  seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Yeni dövrün reallıqları nədən ibarətdir? 

- Dünya təcrübəsi təsdiqləyir ki, əgər ölkənin daxilində sabitlik, birlik yoxdursa, beynəlxalq aləmdə də uğur qazanmaq mümkün deyil. Ona görə də biz bir daha Ümummilli Lider Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərini xüsusilə qeyd etməliyik.

1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Ümummilli Liderimizin müdrik siyasəti nəticəsində ölkəmizin dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı. Məhz onun cəsarətli və uzaqgörən qərarları sayəsində ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin olundu. Siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və ilk Konstitusiyanın ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması və digər addımlar plüralizmə əsaslanan siyasi sistemin bərqərar olmasına və Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə təkan verdi.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər Heydər Əliyev böhran vəziyyətində olan ölkə iqtisadiyyatının dirçəldilməsi və sosial-iqtisadi yüksəlişə nail olunması üçün məqsədyönlü siyasət həyata keçirdi. Ümummilli Lider Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi, ölkəmiz etibarlı tərəfdaş kimi tanınaraq beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu.

Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirdi və bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır. Milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, iqtisadi, sosial, ekoloji, informasiya, ictimai, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi Azərbaycanın mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətləri uğurla inkişaf etdirilir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə isə BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi uzaqgörən və məqsədyönlü xarici siyasətin uğurlu nəticələridir. Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın bariz nümunəsidir.

Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Statistik göstəricilər bu reallığı təsdiqləyir. Belə ki, son 30 ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı ümumilikdə 4,9 dəfə, o cümlədən sənaye istehsalı 1,9 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, yük daşınması 3,1 dəfə, pərakəndə ticarət dövriyyəsi 9,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 2079,3 dəfə, xarici ticarət dövriyyəsi 34,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3293,1 dəfə, xərcləri isə 2804,5 dəfə artıb, bu illər ərzində ölkədə 190 mindən çox müəssisə yaradılıb, xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı 60-dan 193-ə yüksəlib, Azərbaycan valyuta ehtiyatı olmayan ölkədən 68,5 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatına sahib ölkəyə çevrilib, 2005-2007-ci illərdə iqtisadi artım üzrə dünyada liderliyini təmin etməklə aşağı gəlirli ölkələr qrupundan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən üçdə iki hissəsini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan xaricə 35,1 milyard ABŞ dolları həcmində birbaşa investisiya yönəltməklə dost ölkələrin iqtisadiyyatına sərmayə yatıran ölkə, etibarlı sərmayədar kimi tanınıb.

Bu gün ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yüksəldilməsi, ailə institutunun  möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər məsələlər bu baxımdan xüsusi önəm daşıyır. Bu istiqamətlərdə güclü qanunvericilik bazası yaradılıb və davamlı olaraq təkmilləşdirilir.

Bəs qarşıda duran hədəflər barədə nə deyə bilərsiniz?

- Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı ilə Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymaqla,  öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yanaşı, həm  Cənubi Qafqazda, həm də dünyada yeni reallıqlar yaradıb. Qeyd etdiyim kimi, bir çox məqsədlərimizə nail olmuşuq. Azərbaycan bütün sahələr üzrə inkişaf edir, davamlı iqtisadi, sosial islahatlar həyata keçirilir, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılır, ölkəmizin hərbi gücü və müdafiə qabiliyyətinin artırılması üzrə mühüm işlər görülür. Nəticə etibarilə, Azərbaycanın beynəlxalq nüfuzu gündən- günə yüksəlir.

Əlbəttə ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında da əsas hədəflər öz əksini tapıb. Platformada qeyd edildiyi kimi, siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

- Hazırda seçkiqabağı təşviqat mərhələsi davam edir. Bu reallıqlar fonunda seçicilərə çağırışınız nədən ibarətdir?

- Müstəqillik tariximizdə ölkəmizin bütün ərazisində parlament seçkiləri baş tutacaq. Bu, hər birimizdə böyük qürur hissi yaradır.

Ümumiyyətlə, seçki hər bir ölkənin demokratik inkişafı üçün vacibdir. Yeni Azərbaycan Partiyası bu seçkilərə mövcud uğurların fonunda gələcək hədəfləri reallaşdırmaq naminə qələbə əzmi ilə qatılır.

Şübhə yoxdur ki, xalqın etimadını doğrultmuş Yeni Azərbaycan Partiyası bundan sonra da  ölkə başçısı İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcəkdir. Mən  hər bir vətəndaşımızı seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıram.