Yeni siyasi strategiyamız necə olmalıdır?

Prezident yeni təyin olunmuş icra başçılarını qəbul edərkən toxunduğu digər bir məsələ müharibədən sonra həyat keçiriləcək məsələlər barədə olmuşdur. O bildirmişdir ki, məhz bizim həyat keçirdiyimiz siyasət nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymuşdur.

Rayon İcra hakimiyyətinin başçıları şəhid ailələrinə xüsusi diqqət göstərilməlidirlər. Dövlət tərəfindən bu diqqət daimi olaraq həyat keçilir və keçeriləcəkdir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. 
Məlumdur ki, Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu işlər görülür və bu işlər davam etdiriləcəkdir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olublar. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun və onlara hörmətlə yanaşsın.
Çox təəssüf ki, hələ də bəzi hallarda vəzifəli şəxslər sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürürlər. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir. Icra başçıları elə mülayim sahibkarlıq mühiti yaratmalıdır ki, investorlar sərmayə qoymaqda maraqlı olsunlar. Ölkəmizdə sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır. Burada da bütün qaydalara riayət edilməlidir.
Bilirsiniz ki, Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilmişdir. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün əlçatan oldu.. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edirlər. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu daha da artır.
Əvvəllər Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol əsaslı şəkildə təmir olundu və yenidən quruldu. Artıq Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi və təbii sərvətləri vardır. Masallı rayonunun da təbii imkanları genişdir. Çünki bu rayonun ərazisi dağlıq və düzən hissələrinə bölünür. 
Prezident demişdir: “Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.
Torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır”.
Ölkəmizdə idarəetmə sahəsində çox ciddi islahatlar aparılır. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətimizin həyata keçirdiyi siyasətin mahiyyəti də bundan ibarətdir.
Bəzi dövlət məmurları vəzifə səlahiyyətlərini aşır və və qanunsuz işlər görürlər. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılmış və bu proses davamlı olacaqdır. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaqlar. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. 
Azərbaycanda görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Ölkəmizin ekoloji sistemini qorumaq bizim borcumuzdur.
Işlərimizi daha yaxşı təmin etmək üçün rayonlarda ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir. 
Öz çıxışının sonunda Prezident qeyd etmişdir: “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri”. 

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor