Yerli bazarın "indikatoru" yumurtanın qiyməti yenidən artıb

Azərbaycanda toyuq yumurtası bahalaşıb - ağ yumurtanın qiymətinin 12 qəpikdən 19 qəpiyə, sarı yumurtanın isə 19 qəpikdən 22 qəpiyə qalxıb. "Kənd yumurtası" adı altında satılan yumurtanın topdansatış qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb.

Bəzi ekspertlərə görə, yumurtanın qiyməti yerli bazarın sanki bir "indikatoru" rolunu oynayır.

"Ümumi trend"

"Azərbaycanda son zamanlarda bütün sahələrdə qiymət artımının sürət yığdığının şahidi oluruq", - iqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli BBC News Azərbaycancaya bildirib.

"Bu bahalaşmaya gətirib çıxaran səbəblərin aradan qalxmadığını nəzərə alanda isə bu qiymət artımının, inflyasiya dalğasının davam edəcəyini ehtimal etmək olar", Cəfərli düşünür.

İqtisadçı hesab edir ki, yumurtanın bu dəfəki bahalaşmasının əsas səbəblərindən biri "ilin əvvəlində dizel yanacağının 34 faiz bahalaşması" olub, digər bir səbəb isə "ölkənin idxaldan asılılığıdır".

"Ərzaq məhsullarında ölkənin az qala yarıbayarı idxaldan asılı vəziyyətə düşməsi qiymət artımının əsas faktorlarından birinə çevrilib. O cümlədən, əhalinin ən çox istehlak etdiyi məhsul növlərində də qiymət artımı nəzərə çarpacaq dərəcədədir," - təhlilçi vurğulayıb.

Natiq Cəfərli ərzağın bahalaşmasının hazırda ümumi trendə çevrildiyini qeyd edir.

"İstehsalçıların xərclərinin artması fonunda onlar da qiymətləri artırmaq məcburiyyəti qarşısında qalırlar. Dizel yanacağının qiymətilə əlaqəli həm logistika, yəni daşıma xərcləri artır, həm yem qiymətləri artır, həm də xaricdən idxal olunan məhsullarda qiymət artımı müşahidə olunur," - ekspert xatırladıb.

Onun qənaətinə görə, "artıq daxili bazarda qiymətləri nəzarət altında saxlamaq, tənzimləmək mümkünsüz hala çevrilməkdədir".

"Nəticədə bir çox ərzaq məhsullarında olduğu kimi, yumurtanın da qiymətində ciddi artım müşahidə olunur", - Cəfərli bildirib.