Yozef Göbbels hələ də Babelsberqin fəxri vətəndaşıdır

Nasist Almaniyasının təbliğat naziri olmuş Yozef Göbbels bütün bu illər ərzində Potsdam şəhərinin Babelsberq rayonunun fəxri vətəndaşı kimi qalıb. Potsdam şəhərinin hakimiyyət orqanları bu faktı "biliklərin çatışmaması" ilə izah ediblər.

AZƏRTAC  bildirir ki, bu xoşagəlməz fakt yaxın vaxtlarda aparılmış təftiş zamanı aşkar edilib. Göbellsə bu fəxri ad 1938-ci il aprelin 1-də verilib. O vaxt Babelsberq inzibati baxımdan ayrıca şəhər hesab edilirdi. Bir ildən sonra isə o, Potsdam şəhərinə daxil edilib.

O vaxtdan bu bədnam nasist həmin şərəfdən məhrum edilməyib, çünki bu müddət ərzində şəhərin "ən yaxşı adamları"nın siyahılarını yoxlamaq heç kəsin ağlına gəlməyib.

Maraqlıdır ki, fəxri vətəndaşlar kartotekasında Adolf Hitlerin və reyxsministr Vilhelm Frikin Göbbels barədə rəyləri var. Təbii ki, ona "müsbət" xarakteristika verilib.

Çox ehtimal ki, tezliklə sabiq təbliğat nazirinin adının bu siyahıdan çıxarılması barədə qərar qəbul ediləcək. şəhər sovetinin deputatları bu məsələsini operativ rejimdə müzakirə edəcəklər.