Zəfər paradı ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi

Əliyev Hacı Nurəddin oğlu,
Səbail Bələdiyyəsinin sədri

Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi.
Ölkə başçı hakimiyyətə gələndən böyük Zəfər gününə kimi, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Bu illər ərzində ordumuz bütün beynəlxalq göstəricilərinə görə dünyanın ən güclü orduları səviyyəsinə yüksəldi. Nəticələr də göz önündədir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi yüksək döyüş performansı bu günləri dünyanın bütün hərbi qurumları tərəfindən təqdir edilir və öyrənilir. Hətta ABŞ ordusu və NATO da Ordumuzun 44 günlük savaşın gedişində istifadə etdiyi döyüş taktikalarını, relyef şəraitinə uyğun çevik manevr qabiliyyətini, psixoloji üstünlük imkanlarını, ən son hərbi texnologiyaların uğurlu tətbiqatını müsbət nümunə kimi təqdim edir. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu, Azərbaycan kimi gənc ölkə və Azərbaycan Ordusu kimi gənc bir ordu üçün həqiqətən də misilsiz uğurdur, inanılmaz nailiyyətdir.
Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Zəfər paradı ölkəmizin qüdrətini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni faşizmi üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, 30 ilə yaxın, əslində 200 illik tarixçəsi olan bir dövrdə işğal altındakı torpaqlarımızın, düşməndən təmizlənməsi ilə ərazi bütövlüyümüzün bərpasının təcəssümü idi.Zəfər Paradında çıxışı zamanı Ölkə başçısı qeyd etmişdir ki: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Zəfər paradında diqqətçəkən ən mühüm məqamlardan biri kimi Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. Paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.Burada nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğıdan xəbər verməklə bərabər, ordumuzun maddi-texniki bazasının zənginliyinin ifadəsi idi.Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bakıda açılan “Hərbi Qənimətlər Parkı” bu Möhtəşəm Zəfərə olan böyük ehtiramın təzahürüdür. Bu park gənc nəslin vətənpərvərlik duyğularını daha möhtəşəmliklə formalaşdıracaqdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri tarixi Zəfərin məntiqi davamıdır. Dövlət başçısı bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir və bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə texniki və maliyyə imkanlarını səfərbər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.