Zəfərin təntənəsi

Azərbaycan xalqı əlamətdar hadisənin - 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü ərəfəsindədir. Ötən ilin məhz bu günlərində cəbhədən gələn xoş soraqların yaratdığı böyük coşqu ilə bütün cəmiyyətimiz tarixi qələbəyə köklənmişdi. Noyabrın 8-də milli mədəniyyətimizin beşiyi, milli qürurumuzun ünvanı olan Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun hərbi əməliyyatlar dövründə qazandığı olduqca möhtəşəm hərbi uğur olmaqla bərabər, həm də Vətən savaşının taleyini həll edən hadisə idi.

Şuşanın azad olunmasından sonra Ermənistanın məğlubiyyətini etiraf etməkdən, Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri yerinə yetirməkdən başqa yolu qalmadı. Beləliklə, “dəmir yumruq”la düşmənin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etdi. Şuşanın azad olunduğu gün isə cənab İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu.

Bu Qələbə ilə yalnız torpaqlarımızı azad etmədik, həm də şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi soyqırımlarının qurbanı olan bütün soydaşlarımızın intiqamını aldıq, onların qanı yerdə qalmadı. Tək müasir deyil, son bir neçə əsrlik tariximizin ən böyük hadisəsi olan bu Zəfərlə Azərbaycan ziddiyyətli beynəlxalq münasibətlər şəraitində təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyin nümunəsini yaratdı.

Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad etdikdən sonra keçmişdə qalmış Dağlıq Qarabağ probleminin həlli istiqamətində müharibəyə qədər cərəyan etmiş proseslərin daha obyektiv təhlili üçün yeni imkanlar yarandı. Belə ki, Azərbaycanın qələbəsindən və beynəlxalq münasibətlər sistemində təsbit olunmuş hüquqlarını bərpa etməsindən sonra öz təsdiqini tapan ən böyük reallıqlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı təşkilatlar və dövlətlər 30 ilə yaxın dövr ərzində ölkəmizə qarşı tarixi haqsızlıq edib, əllərində bayraq etdikləri beynəlxalq hüququn tələblərini elə özləri riyakarcasına tapdalayıblar. 44 günlük müharibədə qazandığımız qələbədən ötən bir il müddətində Qərb siyasi dairələrinin ortaya qoyduqları mövqe bir daha təsdiq edir ki, onlar, ümumiyyətlə, danışıqlar prosesində obyektiv və səmimi olmayıblar. Azərbaycanın işğala məruz qaldığı, Ermənistanın isə işğalçı olduğu gün kimi aydın olsa da, problemin yoluna qoyulmasında iştirak edən ATƏT-in Minsk qrupu və Qərb siyasi dairələri əsl həqiqətləri deməkdən həmişə uzaq olublar. Onlar artıq Azərbaycanın güc yolu ilə həll etdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlar çərçivəsindən baxmaqla, deklorativ bəyanatlardan uzaga getməməklə Ermənistana öz işğal siyasətini davam etdirmək imkanı yaradıblar.

Lakin bir məsələni anlamadılar ki, Azərbaycanı öz haqq yolundan yayındırmaq, milli mübarizəsindən çəkindirmək mümkün deyil. Anlamadılar ki, bu xalq ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, torpaqlarımızın işğalı altında qalması reallığı ilə heç cür barışa bilməz. Reallıqları düzgün dəyərləndirən Azərbaycan hakimiyyəti erməni təəssübkeşliyinin özünü açıq şəkildə büruzə verdiyi bir şəraitdə dövlətimizin milli maraqlarını layiqincə qorudu, danışıqlarda Ermənistanın mənafelərinin təmin olunmasına imkan vermədi. Bununla yanaşı, ölkə rəhbərliyi işğal olunmuş torpaqlarımızın müharibə yolu ilə azad edəcəyini də istisna etmədi. Ulu Öndərin yaratdığı, qurduğu ordumuz İlham Əliyevin sayəsində daha da gücləndi, döyüş qabiliyyəti ən müasir standartlar səviyyəsinə çatdırıldı. Təsadüfi deyil ki, hələ Vətən müharibəsindən əvvəl Azərbaycan Silahlı Qüvvələri döyüş imkanlarına görə Ermənistanı çox qabaqlayırdı və bu fakt mütəmadi olaraq beynəlxalq reytinqlərdə öz əksini tapırdı.

Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyətin hər bir istiqaməti torpaqlarımızın işğaldan azad olunması üçün tarixi şəraitin formalaşmasına xidmət etdi. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın cəbhə xəttində başladığı növbəti hərbi təxribatdan sonra isə artıq heç bir qüvvə Azərbaycanın qarşısını ala bilməzdi. Həmin tarixdə Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlayan ordumuz “dəmir yumruğ”u düşmənə məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin. Belə də oldu və müharibənin ilk günündən işğalçı elə bir zərbəyə tuş gəldi ki, tarix- boyu unuda bilməyəcək.

Zəfər günü ərəfəsində bu qələbəni öz qanları ilə təmin edən şəhidlərimizi dərin hüznlə yad edir, Tanrıdan onlara rəhmət diləyirik. Xalqımız torpaqlarımızın azad olunması yolunda canından keçən qəhrəman övladlarının əziz xatirəsini hər zaman uca tutacaq.

İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz erməni vandalizminin və vəhşiliyinin qurbanıdır. Düşmən 30 ilə yaxın dövr ərzində Qarabağı və Şərqi Zəngəzuru viranə qoyub, talan edib. Amma bunlar bizim öz torpaqlarımızdır və düşmənin vurduğu bütün yaralar dövlətimizin gücü və iradəsi ilə qısa müddətdə sağalacaq.

Torpaqlarımızı azad edən Prezident İlham Əliyev indi onlara yeni həyat bəxş edir. Cənab İlham Əliyevin müdrikliyi ilə azad olunan Qarabağ və Şərqi Zəngəzur dövlət başçısının qətiyyəti ilə də bərpa olunur. Cəmi bir il ərzində Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca böyük, möhtəşəm və əzəmətlidir. Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü olmaqla yanaşı, dünyaya yeni mesajlar verdi. Bu səfər və verilən mesajlar onu göstərdi ki, Türkiyə Vətən müharibəsində olduğu kimi, bundan sonra da qardaş dövlət olaraq Azərbaycanın yanındadır və bütün platformalarda respublikamızın mövqeyini qətiyyətlə dəstəkləyəcək. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın bu il ərzində respublikamıza növbəti səfərini etməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı həm də ondan xəbər verdi ki, Türkiyə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində də Azərbaycanın yanındadır. Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə edilən uğurlara dərindən sevinir.

Türk dünyasının liderləri Şuşadan sonra növbəti dəfə Zəngilandan dünyaya mesajlar ünvanladılar. Bu mesajların əsas məzmunu ondan ibarətdir ki, Azərbaycanla Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olmağın verdiyi ortaq ruh və dəyərlərlə hərəkət edəcəklər. Bütün bunlar həm də onu təsdiq edir ki, Azərbaycan-Türkiyə münasibətləri böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrikliklə dedikləri və tarixi əhəmiyyət kəsb edən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” tezislərinə uyğun inkişaf edir, daha da möhkəmlənir və sarsılmaz olur.

“Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi. Bu savaşda qazanılan möhtəşəm qələbə milli qürurumuzu ucaltdı, üzərimizdən məğlubiyyət damğasını götürdü. Beləliklə, son illərdə müxtəlif sahələrdə uğurları ilə tanınan Azərbaycan artıq həm də tarixinə hərbi zəfər həkk olunan dövlətdir. Zəfər günümüz mübarək olsun!

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti