Zəngəzur dəhlizi bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacaq

"Ölkəmizdə son 18 ildə aparılan uğurlu siyasət kursu Azərbaycanın Avrasiyanın nəqliyyat habına çevrilməsində mühüm rol oynayıb. Cəmisi 30 illik müstəqillik yaşı olan gənc Azərbaycanın altı beynəlxalq hava limanı var. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilmiş Füzuli Beynəlxalq hava Limanından əlavə daha iki hava limanı istifadəyə veriləcək, bu, ölkəmizin nəqliyyat infrastrukturunun daha da şaxələndirilməsinə imkan yaradır. Cənab Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət kursu Azərbaycanın dünya birliyi ilə əməkdaşlıq imkanlarını günü-gündən genişləndirir. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində də bildirib ki, ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Təsadüfi deyil ki, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan Şimal-Cənub nəqliyyat dəhlizi regional inkişafda mühüm əhəmiyyətə malikdir".
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Parityasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzlərini birləşdirən bu dəhliz qlobal iqtisadi əməkdaşlığa böyük töhfələr verməkdədir. "İkinci Qarabağ müharibəsindən sonra regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşıb. Bu reallıqların ən mühüm elementlərindən biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Azərbaycan dövləti bu gün bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizinbu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir. Bu dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq", -deyən Ə.Kazımova onu da əlavə edib ki, nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olacaq.