“Ziyalı Ocağı” İctimai Birliyi Xırdalan şəhərində “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı seminar keçirdi

 

Oktyabr ayının 30-da “Ziyalı Ocağı” İctimai Birliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 11 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı maarifləndirici seminar keçirdi.

Seminar iştirakçıları canlı olaraq Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətənin Qəhrəman Oğullarının -Şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Seminarı giriş sözü ilə açan Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini, Şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfova tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim etdi.

 

K. Nəcəfova bildirdi ki, “Bu günkü gənc nəsli zərərli xarici təsirlərdən müdafiə etmək -gələcəyi qorumaq, mühafizə etmək, əmin əllərə tapşırmaq deməkdir. Bu müqəddəs vəzifənin yükü bizim hər birimizin çiyinlərimizdədir”.

Layihənin rəhbəri İlahə Əliyeva “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” mövzusunda çıxış edərək, bütün dünyanı eyni anda bir şəbəkə ətrafında birləşdirən internetin, sosial şəbəkələrin, müxtəlif platformaların xeyirli və zərərli tərəflərindən danışdı.

 

İ.Əliyeva bildirdi ki, “Bu gün bütün dünyanı hörümçək toru kimi öz ağuşuna alan sosial şəbəkələr yalnız şəxsi ünsiyyət və ictimai münasibətlərin qurulması, inkişaf etdirilməsi üçün yaradılan platformalar deyil, o eyni zamanda ictimai-siyasi baxımdan biraşa təsir və idarəetmə vasitəsidir. İnternetdən, sosial şəbəkələrdən qarşıdurma, informasiya müharibəsi meydanı olaraq istifadə edən radikal qrupların, ekstremistlərin, terrorçuların məqsədləri xalqlar, ölkələr və bütünlükdə insanlar arasına nifaq salmaq, qırğınlar törətmək, dini ayrı-seçkilik yaratmaqdır. Təsir kanalı olaraq istifadə olunan bu platformaların başlıca hədəfi xüsusilə uşaq və gənclərdir”.

İlahə Əliyeva seminar iştirakçılarına səslənərək qətiyyətlə söylədi ki, “Dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən hər cür xarici təsirlərin, ideoloji təxribatların qarşısını əl-ələ verərək, birgə, mütləq şəkildə almalıyıq. Aramıza zəhərli və ziyanlı alaq otlarının daxil olmasına qətiyyən icazə verməməliyik. Sizin hər biriniz mövcud cəmiyyətimiz tərəfindən qınan və qəbul edilməyən yaşam tərzi ilə bağlı aparılan təbliğatlara uymamalı, milli-mənəvi dəyərlərimizə və ailə modelimizə üstünlük verməlisiniz. Siz bu torpağın, bu vətənin, bu xalqın övladlarısınız və ona vəfa, etibar, sədaqət borcunu şərəflə ödəməlisiniz”.

Layihənin eksperti Fuad Hüseynzadə öz çıxışını “Uşaqlar və yeniyetmələr arasında vətənpərvərliyin təbliği” mövzusu üzərində qurdu. Tarixi zəfərimizin beş illiyi ərəfəsində yaşanan və keçirilən müqəddəs hisslərdən bəhs etdi. Ərazi bütövlüyümüzün uğrunda canını, qanını fəda edən igid və rəşadətli Azərbaycan əsgərlərinin dastanlara sığmayan hünərindən danışdı.  

 

Ekspert F. Hüseynzadə qeyd etdi ki, “Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimizi müasir gənclik bu gün layiqincə sevərək yaşatmalı, sonsuz qürur və fəxrlə gələcəyə daşımalıdır”.

Ekspert audutoriyaya səslənərək, onları sosial şəbəkələrdə fəal olmağa, dünyanın müxtəlif dillərində ölkəmizi və onun igid, qəhrəman oğlanlarını, qızlarını tanıtmağa çağırdı.

“İnternetin həyatımızdakı rolu: -Müsbət və mənfi tərəflər” mövzusunda məruzə edən jurnalist Rəsul Mirhəşimli internetin müsbət tərəflərindən, insanlara saxladığı faydalardan danışdı. O eyni zamanda internet məkanını özünün təbliğat arenasına çevirən radikal qrupların apardıqları təhlükəli təsirləri müzakirə obyektinə çevirdi.

 

Rəsul Mirhəşimli bildirdi ki, “Dini radikalizm bu gün dövrümüzün ən aktual problemlərdən biridir və din pərdəsi altında bəd niyyətli qaragüruh qüvvələr tərəfindən gənclərimizi, gələcəyimizi zəhərləmək, zərər vermək, təsir altına salmaq üçün hər cür çirkin vasitələrə əl atılır.

Bildiyimiz kimi, ideoloji baxımdan incə və həssas nöqtə sayılan dini məncubiyyət, təfriqəçilik insanları, xüsusilə gəncləri yolundan, məsləkindən döndərmək üçün sınanmış vasitələrdəndir. Saf, təmiz beyinlərin ən incə duyğularından çirkin məqsədlərini reallaşdırmağa çalışan xarici qüvvələr durmaq bilmirlər. Xaricdən maliyyələşən bu qüvvələr daima fəaliyyətdədirlər. Məhz bütün bunlara görə siz dini bilikləri internetdən əxz etməməlisiniz, sosial şəbəkələrdən öyrənməməlisiniz. Siz ekranın, yaxud şəbəkənin o tayında olan qüvvənin hansı simada, hansı məqsəddə olduğunu bilmirsiniz. Çünki sizin hər biriniz pak mənəviyyata maliksiniz və siz asanlıqla maskalanmış mənfur qüvvələrin toruna asanlıqla düşə bilərsiniz. Sizə bu yolda ən yaxşı və etibarlı bələdçilər valideynləriniz və müəllimlərinizdir. Onlar sizi sevən və sizinlə fəxr edən müqəddəs varlıqlardır. Sizin ata-ananız, bacı qardaşınız, müəllimləriniz əsla sizin pisliyinizi istəməz. Onların göstərdikləri düzgün yolla gedin, dəyərli məsləhətlərinə qulaq asın”.

 

 

 

Ekspertin və layihə rəhbərinin birbaşa iştirakı ilə seminar şagirdlərlə canlı debat, disskussiya şəraitində davam etdirildi.