“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir” - Səfir

"ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Ötən həftə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb”. sabahinfo.az  saytı xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir: "Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi. ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır. ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur.  Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir".

Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib: "Buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir. Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.