“Fransa bizi qətnamələrlə qorxuda bilməz” –DEPUTAT SƏRT DANIŞDI

“Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz aktı tərəqqipərvər bəşəriyyət, regiona uzunmüddətli sülhün gəlməsində maraqlı olan insanlar, Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluğun bundan sonar da davam etməsini istəyən xalqlar qəti şəkildə rədd edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması olub. Bunun ən böyük gunahkarlarından birinin də vasitəçilik vəzifəsini öhdəsinə götürən Fransa olduğu hər kəsə bəllidir. Fransa dövlətinin ikili standartlara yol verməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi vəziyyəti müharibə həddinə qədər gətirib çıxardı. Nəticədə hər iki tərəf minlərlə insan itkisi ilə üzləşdi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları təəssüf doğurur: “Bu hərəkətlər regionda yeni meharibənin alovlanmasına rəvac verir, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə mane törədir. Eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, Ermənistanda revanşist meyylərin armasına təkan verir. Qarabağda separatçılığın yenidən baş qaldırması meylləri də rəsmi Parisin ikibaşlı oyunlarından qaynaqlanır. Özünü demokratiyanın “qoruyucu mələyi” kimi təqdim edən Fransa əslində təcavüzkarın, terrorçunun, uşaq başı kəsənin yanında olduğunu açıq şəkildə sübut edir. Bu qətnamə bir daha təsdiq etdi ki, otuz ilə yaxın müddətdə Fransa da Ermənistanla birlikdə torpaqlarımızın işğalında və o işğalın davam etməsində iştirak edib və işğalçı dövlətlə birlikdə də məsuliyyət daşıyır. Qətnaməni qəbulunda başqa bir məqsəd Fransanın regiona yenidən qayıtmaq istəyidir. Paris bu yolla Azərbaycana təzyiq etməyə çalışır, özünü danışıqların arbitri kimi təqdim edir, hakim rolunda çıxış etmək istəyini gizlətmir. Amma bu ölkənin rəhbərləri də, parlamentariləri də başa düşürlər ki, belə bir qətnamə heç bir nəticə verməyəcək. Azərbaycanı bu üsulla qorxutmaq və nəyəsə nail olmaq növbəti fiaskodan başqa bir şey deyil. Fransa Əlcəzair soyqırımını unutmasın, müsəlman dünyasının yaddaşında bu rəzillik, dəhşət və vandalizm hələ də qalmaqdadır. Fransa öncə bu çirkabı üzərindən atmağa çalışsın, bütün bəşəriyyətdən, insanlıqdan, istismar etdiyi, əzdiyi, uzun müddət əsarət altında saxladığı ölkələrin xalqlarından üzr istəsin və bundan sonra digər münaqişələrin həlli barədə düşünsün”.