Göygöl rayonunda "Heydər Əliyev ili" ilə bağlı silsilə tədbirlərə start verildi

Rayonda "Heydər Əliyev ili" ilə bağlı 17 yanvar 2023-cü il tarixdə Gənclər Evində Göygöl Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının əməkdaşlarının və gənclərin iştirakı ilə keçirilən dəyirmi masa ilə başlanılan silsilə tədbirlər 18 yanvar 2023-cü ildə Heydər Əliyev Mərkəzində keçirilən “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa ilə davam etmişdir.

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, İcra Hakimiyyətinin əməkdaşlarının, YAP fəallarının və ziyalıların iştirakı ilə keçirilən tədbir zamanı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, Mərkəzdə təşkil olunmuş kitab sərgisinə baxış keçirilmişdir.

İlk öncə Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir və 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. 20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini, dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin qanlı səhifəsi olan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olan Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlamentin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdiyini, 20 Yanvar faciəsinin məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldığını diqqətə çatdırdı. Ümummilli lider Heydər Əliyevin 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşmasından söhbət açmışdır.

20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Heydər Əliyev Mərkəzinin direktoru Araz Mehdiyev “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu qeyd edərək, baş verən hadisələri olduğu kimi tədbir iştirakçılarının diqqətinə çatdırmış, xalqa qarşı qanlı terror hadisələri baş verən zaman Moskvada xüsusi xidmət orqanlarının nəzarətində olan, heç bir vəzifə səlahiyyəti olmayan, ancaq ürəyi xalqı ilə döyünən Ulu Öndərimiz Heydər Əliyevin özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada xalqımıza qarşı törədilən qanlı cinayəti və yabançı siyasəti tənqid etməsindən bəhs etmiş, bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunmasını, həmçinin Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “ 20 yanvar şəhidləri” fəxri adının verilməsini tədbir iştirakçılarının diqqətinə çatdırılmış, Azərbaycanın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasında Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin yüksək və əvəzsiz xidmətlərindən danışmışdır.

Rayon ağsaqqalı Azadxan Haqverdiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, bütün çıxış və nitqlərdə Azərbaycanın Zəfərlə nəticələnən gələcəyinə məşəl olan 20 Yanvar şəhidlərinin daim hörmət və ehtiramla anılacağı bildirilmişdir.