İkitərəfli münasibətlər genişlənir

Azərbaycanla səmimi qarşılıqlı əlaqələri olan dövlətlərdən biri də Tacikistandır. Tacikistan Azərbaycanın siyasi uğurlarını həmişə dəstəkləyib. Bu da ikitərəfli qarşılıqı əlaqələrin daha da möhkəmlənməsində həmişə mühüm rol oynayıb.

Tarix deyir ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respubli¬kası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.Əbdürrəhman Cami Azərbay¬can¬da necə sevilirsə, Nizami Gəncəvi, Nəsimi və digər şairlər də Tacikistanda elə sevilir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri Tacikistanda da böyük sevinclə qarşılandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra bu iki dövlət arasında münasibətlər həm məzmun, həm də forma etibarilə nəzərəçarpacaq dərəcədə genişlənib. Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri də bunun təzahürüdür. Bu rəsmi səfər ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.

Azərbaycanla Tacikistan arasında siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu inkişaf qarşılıqlı etmada əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi: “Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inamla onu da bildirdi ki, “Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

Prezident Emoməli Rəhmon 2 009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda deyib ki, tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq.

İki ölkəni həm də dərin tarixi mədəni əlaqələr birləşdirir. Qarşılıqlı olaraq mədəniyyət günləri, kino həftəsi keçirilir.

Bu il mayın 20-də Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyət Günlərinin açılışı olub. Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

Rəsmi səfərdə “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum” və başqa sənədlər imzalandı.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır...

Tacikistan respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin genişlənməsinin, qarşılıqlı etimadın yüksəlişinin təsahürüdür...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı