172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində 172,3 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar - noyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min manat olub.

Yanvar - noyabr aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 9 milyon 819,7 min manat təşkil edib.