ABŞ İrana zərbə endirəcək?

ABŞ vitse-prezidenti Ceyms Di Vens İsrailə səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında İranın nüvə silahına sahib olmasının qarşısını almağın Vaşinqton üçün prioritet məsələ olduğunu bildirib. O, bu məqsədlə ABŞ-nin bütün diplomatik vasitələrdən istifadə edəcəyini vurğulayıb. Vitse-prezident, jurnalistlərin “İrana qarşı növbəti zərbələr gözlənilirmi?” sualına isə birbaşa cavab verməkdən çəkinib.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, indiki mərhələdə danışıqlara meylliliyin olması region üçün müsbət hal hesab olunur: 

“Biz yaxşı xatırlayırıq ki, aprel ayında on iki günlük İsrail–İran müharibəsinə qədər Amerika Birləşmiş Ştatları ilə İran arasında nüvə məsələsi ətrafında intensiv danışıqlar gedib. Bu danışıqlara həm ABŞ tərəfi, həm də İran tərəfi tam olmasa da, müəyyən ümidlər bəsləyib. Eyni zamanda xatırlanır ki, altıncı görüş də artıq baş tutub. Lakin sonradan müharibənin başlanması bu görüşləri yarımçıq qoyub. Həmin dövrlərdə ABŞ ümid edib ki, ümumiyyətlə, İranın nüvə proqramının dayandırılmasına nail olacaq. Tramp isə hakimiyyətin ilk dövrlərindən bəyan edib ki, İran tərəfi seçim etməlidir: ya danışıqlar, ya da bombalama. Yəni bunu açıq mətnlə qeyd edib. Sonradan bu görüşlər baş tutmağa başlayıb və görüşlərin intensivliyi də, qeyd edildiyi kimi, müəyyən mənada pozitiv düşünməyə əsaslar yaradıb. İndiki mərhələdə isə, məlum olduğu kimi, ABŞ aprel ayında İranın nüvə obyektlərinə zərbələr endirib və Tramp bildirib ki, bundan sonra danışıqlara başlamaq olar. Lakin ötən müddət ərzində tərəflərin danışıqları yenidən canlandırmaq istəyini görmək mümkün olmayıb. Düzdür, müəyyən danışıqlar gedib, amma İran tərəfi də qeyd edib ki, yalnız dinc məqsədlər üçün nüvə enerjisi əldə etmək niyyətindədir. ABŞ isə İranın nüvə proqramının tamamilə dayandırılmasını tələb edir. Bu baxımdan hələlik tərəflərin mövqelərində ziddiyyətlər qalmaqdadır. Uzlaşma müşahidə olunmur. Ortada sual yenə açıq qalır: “İran, ümumiyyətlə, nüvə silahından tamamilə imtina edəcəkmi? Etməyəcəyi təqdirdə ABŞ hansı addımları ata bilər?” ABŞ rəsmiləri bildiriblər ki, İrana münasibətdə sərt addımlar atmaq barədə hələlik düşünmürlər. Amma bu, sadəcə olaraq, ritorik ola bilər. Ola bilsin ki, müəyyən təzyiq alətləri işə salınsın. Lakin indiki mərhələdə danışıqlara meylliliyin olması bütövlükdə region üçün müsbət hal hesab olunur və arzuolunandır ki, tərəflər danışıqlar vasitəsilə açıq suallara cavab tapsınlar. Bu isə potensial münaqişələrin qarşısını almağa imkan yarada bilər”.