Anar Ələkbərov Vatikanda rəsmi şəxslərlə görüşlər keçirdi

Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb.

Sabahinfo.az xəbər verir ki, sənədi Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

Vatikana səfər çərçivəsində eyni zamanda Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.

Qeyd edək ki, ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.

Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.