“Arsax” adlandıran qondarma rejim

Birləşmiş Millətlər Təşkilatı tərəfindən mandat verilmiş ATƏT-in Minsk Qrupu Ermnistan-Azərbaycan arasında yaranmış münaqişənin aradan qaldırılması üçün 30 il danışıqlar aparmış və Qarabağda yaşayan yerli erməni əhalisini də nəzərə almaqla həmin münaqişənin aradan qaldırılmasını qarşısına məqsəd qoymuşdur.

Azərbaycan 30 il Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması üçün Minsk Qrupu formatında aparılmış danışıqarın nəticəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin icrasının təmin olunması istiqamətində 27 sentyabr 2020-ci il tarixində torpaqlarımızı zəbt etmiş qeyri-qanuni silahlı qüvvələrin öz ərazilərindən çıxarılmasını təkbaşına həyata keçirdi. Beləliklə, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsindən sonra 10 noyabr tarixində Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşkəs, həmçinin Ermənistanın kapitulyasiya aktına imza atdılar.

Doqquz bənddən ibarət hazırlanmış Bəyanatın icrası 2025-ci ilə qədər nəzərdə tutulmuş və postmüharibə dövründə bu bəndlərin icrası istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Nəticədə, Azərbaycanın ədalətli Zəfərini Ermənistan da daxil olmaqla bütün dünya dövlətləri dəstəkləmiş, Ermənistan-Azərbaycan arasında Sülh Sazişinin imzalanması üçün Moskva, Vaşinqton və Brüsseldə danışıqlar prosesində ölkəmiz tərəfindən irəli sürülmüş müqavilənin beynəlxalq prinsiplərə uyğun olduğu təsdiqlənmişdir. Ermənistan hökuməti də öz növbəsində Nikol Paşinyanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycana qarşı hər-hansı bir ərazi iddiasının olmadığını bəyan etmişdir.

Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasında bütün tərəflərin çağırışlarına həssaslıqla və diqqətlə nəzarət edir, əmin-amanlığın təmin olunmasını həyata keçirir.

Lakin, 09 sentyabr tarixində Azərbaycanın Qarabağ İqtisadi Zonasında özlərini “Arsax” adlandıran qondarma rejim Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın suveren ərazisində “prezident seçkiləri” adı altında qanunsuz fəaliyyət həyata keçirilməsinə cəhd göstərərək özlərinə qeyri-qanuni “prezident” seçdilər.

Bu, haqlı olaraq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənilmişdir. Belə ki, Böyük Britaniya, Pakistan, Ukrayna, Moldova, Avropa İttifaqı, Türkiyə eləcə də bir çox qlobal və regional beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “seçkilər” pislənilmiş, eyni zamanda separatizmə xidmət göstərən bu kimi əməllərin artıq yolverilməz olduğu bəyan edilmişdir.

Keçirilən qanunsuz “seçkilər”ə münasibət bu gün də dünya dövlətləri tərəfindən pislənilməkdə davam edir.

Bu gün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası hər-hansı bir dövlətin suveren ərazisində qeyri-qanuni qruplaşmaların fəaliyyətinə imkan vermir və bu kimi hallar dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilməlidir.

Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını qeyri-qanuni separatçılardan təmizləyib, hal-hazırda ardıcıl olaraq viran qoyulmuş və dağıdılmış bütün tarixi irs abidələrinin, eləcə də dini konfessiyaların yenidən qurulması işlərini uğurla həyata keçirir. Görülən tədbirlər Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, həmçinin burada yaşayan bütün xalqlar üçün yüksək rifah və firavan gələcəyi təmin edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.”

Umumiyyətlə, Azərbaycanda yaşayan bütün xalqlar, etnik azlıqlar dinindən, irqindən, millətindən asılı olmayaraq Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində azad və sərbəst yaşamaq hüququna malikdirlər. Bu baxımdan, Qarabağ İqtisadi Zonasının Xankəndi və ətraf ərazilərində də məskunlaşmış Rusiya sülhməramlıları tərəfindən himayə olunan ermənilərin Azərbaycan ərazisində Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşanması təmin olacaqdır.

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı