Anım Günü ilə əlaqədar Zaqatala rayonunda keçirilən tədbirlər çərçivəsində millət vəkili Asif Əsgərov Suvagil kəndində Vətən müharibəsi şəhidi Qədirov Elvin Azər oğlunun anım tədbirində iştirak edib.
Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və məktəblilər iştirak ediblər. Çıxışlar zamanı Elvin Qədirovun döyüş yolu, Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi şücaət və Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsindən bəhs olunub. Şəhidin və bütün Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirləri çərçivəsində millət vəkili Asif Əsgərovun iştirakı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün ehsan süfrəsi təşkil olunub. Yüzdən çox şəxsin qatıldığı görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Ehsan süfrəsindən sonra Asif Əsgərov şəhid ailələrinin üzvləri və qazilərlə söhbət apararaq onların müraciət və qayğıları ilə maraqlanıb. Görüş zamanı səsləndirilən məsələlər diqqətlə dinlənilib, hər bir müraciətin mahiyyəti nəzərdən keçirilib. Millət vəkilinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərlə bağlı müvafiq addımlar atılıb, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib və həlli istiqamətində görüləcək işlər diqqətdə saxlanılıb.
Asif Əsgərov şəhid ailələrinin və qazilərin müraciətlərinin dinlənilməsinin, onların qarşılaşdıqları problemlərin aidiyyəti üzrə çatdırılmasının və həlli istiqamətində ardıcıl iş aparılmasının vacibliyini diqqətə çatdırıb.
Görüş zamanı şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Ali Baş Komandan kimi həyata keçirdiyi uğurlu siyasət, müharibədən sonrakı dövrdə isə şəhid ailələrinə və qazilərə göstərilən davamlı diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, qazilərin problemlərinin həlli və onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər dövlətin bu həssas kateqoriyadan olan vətəndaşlara münasibətinin bariz nümunəsidir.