Atçılar Fedarasiya rəhbərliyinə etiraz edir

Atçıların vəziyyəti acınacaqlıdır. Onlar Fedarasiyanın fəaliyyətindən narazıdırlar və artıq dolana bilmədikləri üçün bu peşələrindən vaz keçmək məcburiyyətində qaldıqlarını açıqlayıblar.  Bir qrup atçının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının bu sahəni bərbad günə salmasından şikayətçi olduqlarını bildiriblər.  
 
"Xan-xan" Atçılıq İdman Klubunun rəhbəri Rəşad Əhmədov jurnalistlərə açıqlamasında son illərdir acınacaqlı duruma düşdüklərini bldirib. O, fikirlərini belə əsaslandırıb: 
 
“Qarabağ, Dilboz, həmçinin yarışlarda iştirak etmək üçün ingilis atları yetişdirirəm. Atlarımız əsasən cıdır yarışlarında iştirak edirdi. Yarışlardan qazandığımız müəyyən vəsait hesabına həm atları, həm də özümüzü güclə də olsa saxlayırdıq. Hazırda iki ildir yarışlar keçirilmir. Ona görə də atlara yem ala bilmirik, məcburən atları dəyər-dəyməzinə adi insanlara, məsələn Gürcüstanda yaşayan kənd adamlarna satırıq, onlar da həmin cins atları kənddə-kəsəkdə işlədirlər. 50 min - 100 min dəyərində olan atlarımızı 3000, 5000 manata Gürcüstana satmaq məcburiyyətinə düşmüşük. Son 10 ildə 30-dan çox ən gözəl atlarımızı Gürcüstandan gəlib alıb aparıblar. Pandemiya zamanı dövlət səviyyəsində göstəriş verdilər ki, tamaşaçıların iştirakı olmadan at yarışları keçirilə bilər. Bu tapşırığa baxmayaraq, yarışlar yenə keçirilmədi. Atçılıq Federasiyası cıdır yarışlardan tam imtina edib. Hazırda bu işə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir. Biz nazirliyin məsul şəxsləri ilə görüşmüşük, deyiblər ki, yarışlar bərpa ediləcək və vəziyyət əvvəlki qaydasından da daha yaxşı olacaq. Əvvəllər il ərzində 10-15 yarış olurdu. Yarışlar Binə Atçılıq Mərkəzində keçirilirdi. Tamaşaçıların çox böyük marağı var idi. Əvvəllər şəhərin mərkəzində keçirilirdi, onda 10 minlərlə insan gəlirdi. Binədə tamaşaçı sayı azalmışdı, buna baxmayaraq yarışlar keçirilir, 5-10 manat pul qazana bilirdik. Ümumiyyətlə, bizə hörmət qoymurlar, nə atçılara, nə at saxlayanlara, nə atlara. Vəziyyət çox ağırdır. Biz ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik ki, atçılıq tam məhv olub. Atçılıq bizim türkçülüyümüzü bildirir. İki zavaod tikilib və orda yaxşı atlar yetişdirilir. Onlarla əlaqəmiz var, ancaq o atları harda sürək. Biz Kənd Təsərrüfatından razıyıq. Zavoda gənc atçını – Elman müəlimi rəhbər qoyublar, sadəcə biz dolana bilmirik, heç bir işimiz, gücümüz yoxdur. Bu sahəyə heç kim gəlmir. Yeni kadrlar yetişmir. Jokey Klub Nazirliklə 10-15 illik müqavilə bağlayacaq və cıdır yarışlarına start verəcəklər. İppadromumuz yoxdur. Bizi Binədən çıxartdılar, şəhər İppodramı da çox bərbad günündədir, oranın təmirinə yüzmilərlə pul lazımdır. Jokeylər, məşqçilər, çaparlar işsiz-gücsüz qalıblar. İldə bir dəfə Çövkən yaraşı keçirirlər, altı komanda iştirak edir. Əvvəllər isə 15-ə yaxın komanda olurdu. Yəni ki, atçılığın başında dayananlar, gözdən pərdə asırlar. 
 
Atüstü Milli Çövkən oyunlarının iştirakçısı Xəyal Abdurrəhmanov da həmkarı ilə eyni dərddədir. O da mətbuat konfransında Federsaiyanı ittiham edib: 

2011-ci ildə Prezident Kuboku uğurunda keçirilən Atüstü Milli Çövkən oyunlarında birinci yerə layiq görülmüşəm, 2019-cu ildə növbəti dəfə qalib oldum. Təsəvvür edin, yarış bitdi, bizi işdən çıxartdılar. Səbəb kimi göstərdilər ki, daha yarış yoxdur, bizə lazım deyilsiz. Bizim Federasiya Dövlət Sərhəd Qoşunlarına tabedir. Onlar dövlət rəhbərliyinin gözündən pərdə asmağa çalışırlar. İldə bir dəfə iki komanda ilə Çövkən yarışı keçirib, demək istəyirlər ki, Azərbacanda atçılıq var. Belə etməklə hansı məqsəd güddüklərini də bilirk. Ancaq imkan verə bilmərik ki, Azərbaycana məxsus atçılığı tamam məhv etsinlər. Hazırda biz heç kimə alzım deyil. Federasiya rəsmilərinə müraciət edib deyirəm ki, bütün nəsillikcə atçıyıq, bundan sonra gedib nə işləyim, necə dolanım? Cavab vermirlər, sanki divara deyirik. Dekabrda Çövkən yarışı olacaq, indi bizi yığırlar ki, bir-iki gün oynayaq, onlar da dövləti aldatsınlar. Federasiya son 10 ildə bir dənə yerli cins yetişdirməyib, bir jakey yaranmayıb. Elə atçılar var ki, atlarını qoyub gediblər. 10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyi atlara, atçılara yaxşı baxırdı. İndi atlar da acından ölür, atçılar da. Bir yarışda 23 manat pul udmuşduq, yarısını Federasiyaya veririk, yarısı da aramızda bölünür. İndi hesablayın, bir ildə həmin məbləği aya böləndə nə qədər edir. Federasiyada bir nəfər də atçı yoxdur. Heç vaxt at minməyən adamı trenir qoyurlar. Gör nə gündəyik. Əsl atçılar çox pis yaşayırlar. Məşhur atçılar yoxa çıxıblar, çox ağır vəziyyətdə yaşayırlar. Necə olur, bizim atçılar Türkiyədə, ABŞ-da, müxtəlif ölkələrdə bir nömrəli atçı olurlar, bzidə isə heç kimə lazım deyillər. Hamımız xaricdən təklif gözləyirik. Belə də o qədər təklif olub ki, sadəcə milli atlarımızı atıb çıxıb gedə bilmirik. Atları təmizləməyə belə yerimiz yoxdur. Mehriban xanım min bir əziyyətlə Çövkən oynunu Azərbaycan adından YUNESKO-ya saldı. İndi Çövkən oynayan idmançı da yoxdur, at da. Hamısı fəhlə işləyir, sənətlərini atıblar. Günahların hamısı Atçılıq Federasiyasının rəhbərliyindədir. O, Mən üzümü dövlət rəhbərliyinə tutub deyirəm: YUNESKO-ya salınan Çövkən oyunu ölür. Bizə kömək edin. Yarış olmayanda selleksiya aparmaq olmur. Yaxşı və pis atlar bir-birinə qarışır, sonra biz onları kor-koranə cütləşdirəcəyik və nə cinsi alınacağını da bilməyəcəyik. Beləliklə də cins atların nəsli kəsiləcək”.

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının şöbə müdiri