Avrasiya məkanında dərinləşən münasibətlər

“2025-ci il oktyabrın 21-də Astanada cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışı iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini təsdiqlədi. Bu, təkcə diplomatik jest deyil, həm də strateji əməkdaşlığın və türk birliyinin gələcək fəaliyyət konturlarını müəyyən edən hadisədir. Dövlət başçımızın bəyanatında Qazaxıstanın inkişafı, beynəlxalq nüfuzunun artması və modernləşmə siyasətinin uğurları xüsusi vurğulandı. Cənab Prezident qeyd etdi ki, Kasım-Jomart Tokayevin uzaqgörən rəhbərliyi sayəsində Qazaxıstan son illər modernləşmə, innovasiya və süni intellekt kimi sahələrdə böyük irəliləyişlər əldə edib. Azərbaycan Prezidentinin bu fikirləri təkcə dost dövlətə ehtiramın ifadəsi deyil, həm də regionun inkişafına verdiyi önəmin göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat həmçinin bildirib ki, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün regional sabitlik, iqtisadi tərəqqi və nəqliyyat-logistika layihələrinin reallaşması baxımından mühüm rol oynayır: “Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid iqtisadi məkan kimi birləşdirir. Bu layihələr həm iki ölkənin maraqlarına, həm də bütün Avrasiya məkanının rifahına xidmət edir. Ən diqqətçəkən məqamlardan biri Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və bu prosesdə Qazaxıstanın nümayiş etdirdiyi qardaş mövqedir. Qazaxıstan Azərbaycanın haqlı mövqeyini işğal dövründə də bütün beynəlxalq platformalarda dəstəkləyib və bu gün də eyni mövqelərdən çıxış edərək Cənubi Qafqazda sülhün bərqərar olmasını regionun gələcəyi üçün önəmli addım kimi qiymətləndirir. Həmçinin Qarabağın dirçəlişində də Qazaxıstanın rolu ölkələrimiz arasında dostluğun parlaq nümunəsidir. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi təkcə bir təhsil ocağı deyil, həm də iki qardaş xalqın bir-birinə mənəvi bağlılığının rəmzidir. Bu fakt göstərir ki, Azərbaycan və Qazaxıstan əlaqələri təkcə siyasi müstəvidə deyil, həm də humanitar və mədəni sahələrdə dərin kök salıb.”

Sonda Göydəniz Qəhrəmanov Ali Dövlətlərarası Şuranın iclasında səslənən fikirlərin də Azərbaycan–Qazaxıstan tərəfdaşlığının sistemli xarakter daşıdığını bir daha təsdiqlədiyini vurğulayıb: “Dövlət başçılarının qarşılıqlı səfərləri, mütəmadi dialoqu və birgə layihələr üzərində nəzarəti əlaqələrimizin davamlı inkişafını təmin edir. Artıq iki ölkə təkcə regional deyil, qlobal miqyasda da bir-birini dəstəkləyən strateji tərəfdaşlara çevriliblər. Bütün bu amillər bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri və səsləndirdiyi fikirlər türk dünyasının inteqrasiyasına, Avrasiya məkanında sabitliyin möhkəmlənməsinə və qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfə verir. Bu münasibətlər qardaşlıqdan doğan, zamanın sınaqlarından keçmiş etibarlı əməkdaşlığın bariz nümunəsidir” – deyə millət vəkili fikirlərini tamamlayıb.