Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində saxlanılıb. Bütün bunlar fonunda gündəmə gələn məsələlərdən biri isə ümumiyyətlə, AXCP-nin ləğvidir. Çünki bu partiya həm də kənar qüvvələrion əlində Azərbaycana qarşı bir vasitə hesab olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirir ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar: “Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, - o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, - belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar”. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanun 2023-cü ildə təsdiqlənib. Bundan sonra partiyaların yenidən qeydiyyatına başlanıb. Azərbaycanda buna qədər 59 partiya qeydiyyatda olub. Lakin yeni qeydiyyat mərhələsindən onlardan yalnız 26-sı keçib. Bura AXCP də daxildir. Amma görünən odur ki, bu gedişlə AXCP-nin qeydiyyatı ləğv ediləcək. Əli Hüseynli mediaya açıqlamasında bildirib ki, vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılıb, Yeltsin hakimiyyəti dövründə isə guya “demokratik” prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilib. Bu baxımdan AXC sədri Əli Kərimovun şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil: “2013-cü ildə Azərbaycanda prezident seçkiləri vaxtı Rusiyadakı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıq, “Milli Şura” layihəsi və sair məhz bu proseslərin nəticəsi və “5-ci kolon”un fəaliyyətinin bariz nümunəsidir”.
Xatırladaq ki, yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti AXCP sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Məlumatlara görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb. Milli Məclisin deputatı Samir Vəliyev bu fonda belə bir məqama diqqət çəkir: “Əlbəttə, Əli Kərimlinin Ramiz Mehdiyevlə bağlılığını bir sıra faktlar da təsdiqləyə bilər. Məsələn, 2013-cü ildə Milli Şuranın Rusiya Prezidentinə göndərdiyi məktuba imza atan və necə lazımdır öhdəlik götürməyə hazır olduqlarını bəyan edən əsas şəxslərdən biri Əli Kərimli olmuşdu. Həmin ünvana Ramiz Mehdiyev də eyni niyyətlə məktub göndərmişdi. Deməli, vizual olaraq müxtəlif qütblərdə olan bu iki şəxsi eyni niyyət birləşdiribmiş. Proseslərin ardıcıllığına diqqət etdikdə bir detal da diqqət çəkir. Əli Kərimli axırıncı dəfə nə vaxt mitinq edib? 2019-cu ilin 19 yanvarında və həmin tarixə qədər Əli Kərimli mütəmadi hər həftə sonu mitinq, icazəsiz aksiya keçirirdi. Sonradan nə baş verdi ki, meydan, küçə həvəskarı olan Əli Kərimli bircə dəfə də mitin keçirmədi və ya keçirə bilmədi? Həmin ilin oktyabr ayında Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Niyyətləri təbii ki, dəyişməsə də çox şey dəyişdi. Əli Kərimli çıxışlarında özünü Rusiyaya qarşı biri kimi göstərirdi. Bu da seçilmiş taktika idi, daha doğrusu maskalanmaq idi. Lakin adamların ümidi Rusiyaya idi. Bunlar altdan-altdan yazıb-pozurmuşlar ki, niyyətlərinə nail olsunlar. Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa iki əlli razı imiş. Əli Kərimli elə bir xislətin sahibidir ki, hakimiyyətə gələ bilmək üçün istənilən varianta gedər. Lakin dövlətimiz və onun müvafiq strukturları ayıq-sayıqdır. Dövlətə qarşı xəyanət edənlərin əməlləri qısa zamanda ifşa olundu”. AXCP-nin qeydiyyatının ləğvi məsələsi bunlar fonunda aktuallaşır. Siyasi partiyalar haqqında qanuna görə, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, xarici dövlətlərlə qeyri-leqal əlaqələrin qurulması və sair kimi əməllər partiyanın ləğv edilməsinə əsas yaradır. Ekspertlər diqqəti həm də ona yönəldir ki, AXCP-nin siyasi sistemə təsir imkanları yoxdur. Belə olan halda, onun ləğvi də hansısa fəsad törətməyəcək. Sadəcə, müəyyən anti-Azərbaycan qüvvələr bundan narahat olacaq.
Tahir TAĞIYEV