AZƏRBAYCAN BEYNƏLXALQ ARENADA ETİBARLI TƏRƏFDAŞ KİMİ TANINIR VƏ RƏĞBƏTLƏ QARŞILANIR

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak məqsədilə Özbəkistana səfərindən sonra, dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. NATO-nun və Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya Mərkəzi Avropanın dinamik inkişaf edən sənaye iqtisadiyyatına sahibdir. Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya səfərinin ardınca Mərkəzi Avropa ölkəsinə rəsmi səfəri ölkəmizin Şərqlə Qərb arasında oynadığı birləşdirici körpü rolunun təsbiti baxımından da mühüm əhəmiyyət kəsb edir.
     Slovakiya ilə bir çox sahələri əhatə edən əməkdaşlığın, ötən ildən isə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına baxmayaraq, bu səfər Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəridir. Bir ay əvvəl Slovakiya Baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın Zəfər paradında iştirakı dövlətlərarası münasibətlərimizin strateji səviyyəyə yüksəldiyinin əyani təsdiqidir. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı isə ölkələrimiz arasında qarşılıqlı etimada söykənən dostluq əlaqələrinin növbəti sübutudur. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığı heç kim üçün sirr deyil. Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama xüsusi diqqət çəkir: “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir”.
     Avropa İttifaqı tərəfindən Rusiya qazının Slovakiyaya idxalının tam qadağan edildiyini nəzərə alsaq, enerji təchizatının Avropa üçün hansı strateji əhəmiyyətə malik olduğunu görməmək mümkün deyil. Dövlətimizin başçısı Bratislavada mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan strateji tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hər zaman hazırdır və bunun üçün böyük potensiala malikdir. Prezident İlham Əliyev növbəti açıqlaması ilə bu sahəyə ayırdığı diqqətin daha dərin strateji hədəflərlə bağlı olduğunun mesajını da verdi: “Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq... Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”. 
      Prezident Bratislavada onu da diqqətə çatdırdı ki, ölkəmizdə istifadə olunmayan alternativ enerji potensialı 2 giqavata yaxındır və növbəti beş il ərzində bu, 8 giqavata bərabər olacaq. Bu cür enerji mənbələrinin süni intellektin və data mərkəzlərinin fəaliyyətində oynadığı rol isə hər kəsə məlumdur. Bratislavada verilən mesajlar onu da göstərdi ki, Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsinə ciddi diqqət yetirir. Yəqin ki, ikitərəfli əməkdaşlığın həm də bu sahəyə fokuslanması ənənəvi bədxahlarımızı narahat edəcək və onlar Ermənistandan, xüsusilə oradakı revanşist kəsimdən manipulyativ şəkildə istifadə etməyə çalışacaqlar. Prezident İlham Əliyev bunu nəzərə alaraq, həm Ermənistana, həm də Cənubi Qafqazdakı yeni geosiyasi şəraitdən məmnun olmayan və hər fürsətdə keçmişdə qalan münaqişəni yenidən körükləməyə çalışan dairələrə bu mesajı verdi: "Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöyteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər”.
     Enerji təhlükəsizliyi məsələsinə qayıtdıqda isə, bu gün Azərbaycan qazını alan 14 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya da ixrac olunub. Sözsüz ki, mürəkkəb geosiyasi şəraitin doğurduğu çağırışlar fonunda enerji təhlükəsizliyi Avropa, o cümlədən Slovakiya üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil xarici siyasəti və real addımları ilə sübut edib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsinə sahibdir. Eyni zamanda, ölkəmizin ötən illər ərzində infrastruktura, logistik bağlantılara və nəqliyyat sektoruna yatırdığı sərmayələr imkan verir ki, Azərbaycan Şərq-Qərb dəhlizində əhəmiyyətli rola sahib olsun və beynəlxalq logistika mərkəzinə çevrilsin. Bu cür strateji hədəflərin reallaşa bilməsi ona görə mümkündür ki, onun arxasında Azərbaycan iqtidarının müstəqil xarici siyasət kursu və ölkəmizin daxili iqtisadi potensialı dayanır. Bütün bunlar təmin olunduğuna görə, bügünkü Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və xüsusi rəğbətlə qarşılanır.

Ülvi Quliyev                                                                                     

 Milli Məclisin deputatı