Azərbaycan dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır

“Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Ümummilli Lider Heydər Əliyev

Ana dili hər bir xalqın, millətin varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, milli kimliyidir. Azərbaycanda dilimizin qorunub saxlanması, yad təsirlərdən qorunması ilə bağlı müxtəlif qanun və qəraralar qəbul olunub. Amma hələ də bu sahədə öz həllini tapmayan problemlər qalıb. Yad sözlər, terminlər, ifadələrdən daha çox istifadə edilir, bu isə xalqın varlığına ciddi təhlükə hesab edilə bilər. Dilimizin yad təsirlərdən qorunması hər zaman aktual məsələlərdəndir.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Azərbaycan Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” verdiyi fərman şübhəsiz çox qürurvericidir. Azərbaycan dilinin saflığını qorumaq hər birimizin borcudur.

Jurnalist, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı deyir ki, Ana dili xalqın ruhudur.
Ana dili hər bir xalqın milli-mənəvi varlığının əsas dayağıdır. O, sadəcə bir ünsiyyət vasitəsi deyil. Dil həm də bir millətin düşüncə tərzini, mədəniyyətini, dünyagörüşünü və tarixi yaddaşını formalaşdıran canlı orqanizmdir. Hər bir xalqın varlığı onun dili ilə ölçülür: dil yoxdursa, milli kimlik də zamanla itir. Bu baxımdan, ana dilini qorumaq həm də əsl vətəndaşlıq borcudur. Şah İsmayıl Xətai deyirdi: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi.”
Ana dilinə hörmət və bağlılıq bir şəxsdə sonradan, yalnız məktəbdə və ya cəmiyyətin çağırışları ilə formalaşmır. Bu sevgi və dəyərləndirmə hissi insanın ilk formalaşdığı yerdə ailədə yaranır. Uşağın ilk eşitdiyi söz, ilk duyduğu layla, ilk danışdığı ifadə – hamısı ana dili ilə bağlıdır. Ana uşağın ilk müəllimidir, ailə isə ilk ana dili məktəbidir. Ana, ana dilini körpəsinə aşılamaqla ona mənsub olduğu xalqın ruhunu da aşılayır. Yad dildə dil açan uşağın milli ruha sabiblənməsi çətindir: “Pedaqoji baxımdan sübut olunmuşdur ki, uşaqların dil bacarıqları 0–6 yaş aralığında formalaşır. Bu dövr təkcə fiziki inkişaf baxımından deyil, həm də dilin mənimsənilməsi baxımından “qızıl dövr” sayılır. Məhz bu yaşda uşaq dilin ahəngini, quruluşunu, məntiqini və emosional çalarlarını qavrayır.
Əgər bu dövrdə uşaq ana dili ilə zəngin bir ünsiyyət mühitində böyüyürsə – bu, onun gələcək nitq mədəniyyəti, düşüncə tərzi və milli-mənəvi identikliyi üçün etibarlı zəmin yaradır. Lakin əgər ailədə yad dildə danışmağa meyl varsa, ya da valideynlər ana dilini yanlış və səthi şəkildə təqdim edirlərsə, bu zaman uşaqda dilə qarşı ya laqeydlik, ya da yadlaşma baş verir. Burada diqqətə alınmalı məqam budur: uşağın ana dili ilə bağlı ilk təəssüratı – onun ailədə yaşadığı dil təcrübəsidir. Yəni dil sadəcə dərs mövzusu deyil, həyat tərzidir. Hər valideyn bilməlidir ki, uşaq yalnız danışmağı deyil, düşünməyi də ana dilində öyrənir”.

Ekspert qeyd edib ki, uşaqlar ilk emosional və dil təcrübələrini anaları vasitəsilə yaşayırlar. Ana tərəfindən deyilən laylalar, nağıllar, tapmacalar və atalar sözləri uşağın həm emosional təhlükəsizlik hissini artırır, həm də ana dilinin fonetik melodiyasına, ritminə və məna qatlarına uyğunlaşmasını təmin edir. Layla təkcə bir beşik nəğməsi deyil. Layla, əslində, millətin şifahi poeziyası ilə uşağın ilk tanışlığıdır. Bu tanışlıq uşağın şüuraltısına ana dilinin ruhunu hopdurur. Məhz bu səbəbdən anaların öz övladlarına ana dilində danışmaları, nağıl demələri, layla oxumaları pedaqoji baxımdan əvəzsiz tərbiyə vasitəsidir. Əgər ana dilində deyilən söz uşağın könlünə yol tapırsa, bu dil o uşaq üçün təkcə ünsiyyət aləti deyil, mənsubiyyət hissinin daşıyıcısına çevrilir: “Əgər məktəb uşağın rəsmi təhsil mühiti, müəllim isə onun bilik bələdçisidirsə, ailə bu təlimin təməlidir. Ailədə uşağa ana dilində kitab oxunması, suallar verilməsi, onun danışdıqlarının dinlənilməsi və təşviq edilməsi uşağın dilə münasibətini, söz ehtiyatını və danışıq bacarığını artırır.
Əksinə, əgər ailə içində yad dilə meyil güclüdürsə, uşağın ana dili ilə bağlılığı zəifləyir, onu ikinci dərəcəli dil kimi qəbul edir. Bu isə gələcəkdə öz milli kimliyindən uzaq düşmüş bir nəsil formalaşdıra bilər. Unutmaq olmaz: dilin yox olması xalqın yaddaşının silinməsi deməkdir.
Bu gün dünyada çox sayda dil yox olmaq təhlükəsi ilə üz-üzədir. Dilin yox olması o deməkdir ki, həmin xalqın yaddaşında min illərlə formalaşmış mədəniyyət, ədəbiyyat, tarix də unudulur. Azərbaycan dili də tarixən bu təhlükələrlə qarşılaşıb. Qadağalar, assimilyasiya siyasətləri, yad ideoloji təsirlər ana dilimizi təhlükələr qarşısında qoysa da, dilimiz bu təhlükələrdən üzüağ çıxmağı bacarıb. Xalqımız öz dilini qoruyub, onu nəsildən-nəslə ötürməyi bacarıb. Ana dilini sevmək və yaşatmaq təkcə dilçilik məsələsi deyil – milli varlıq məsələsidir. Öz dilini sevən uşaq vətənini də sevəcək, milli-mənəvi irsinə də sahib çıxacaq. Öz dilini sevən, ona hörmət etməyin vacibliyini dərk edən uşaq başqalarının da dilinə ehtiram göstərməyin vacib olduğunu dərk edəcək.
Ana dili ailənin nəfəsində, evdəki söhbətlərdə, nənələrimizin, babalarımızın bayatılarnda, nağılında, qardaş-bacımızın şirin zarafatlarında yaşamalıdır. Ana dili dövlətin qanunlarında qorunmalı olduğu qədər, ana qucağında da yaşadılmalıdır. Evimiz həqiqi ana dili məktəbi, ilk ana dili müəllimimizin anamız olduğu zamana qədər Ana dilimiz yaşayacaqdır”.

“Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri, siyasi analitik Elməddin Behbud isə deyir ki, milli sərvətimiz və milli identikliyimizin başlıca nüvəsini təşkil edən ana dilimizi - Azərbaycan dilini qorumaq hər bir azərbaycanlının mənəvi vəzifəsidir. Çünki Azərbaycan dili milli varlığımızın əsas ifadəsi və qoruyucusudur. Azərbaycan dili Altay dilləri ailəsinin türk dili qrupunun Oğuz yarım-qrupuna daxildir və türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir. Azərbaycan-türk dili lüğət ehtiyatının zənginliyinə, qrammatik quruluşun möhkəmliyinə, fonetik quruluşunun ahəngdarlığına və təsirliliyinə görə dünyanın zəngin dillərindən biridir. Belə zəngin, qədim tarixi köklərə malik, tarixin sınağından qalib çıxan dili qorumaq, eyni zamanda onun saflığı uğrunda mübarizə aparmaq zəruridir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin ən əsas ünsiyyət vasitəsidir: “Azərbaycan-türk dili eləcə də İranda yaşayan 30 milyon türkün ana dilidir. Rus şairi M.Y. Lermontov vaxtılə yazırdı ki, “Azərbaycan dili burada (Qafqazda), ümumilikdə Asiyada fransız dilinin Avropada oynadığı rol qədər zəruri bir dildir". Tarixin müxtəlif mərhələlərində aldığımız zərbələr ana dilimizin rəsmi dil kimi istifadə arealını daraltsa da bütövlükdə yerləşdiyimiz reginun, eyni zamanda milli coğrafiyamıza daxil olan ərazilərdə əsas ünsiyyət vasitəsi olaraq qalmaqdadır. Hazırki qloballaşma dövründə ana dilimizin qarşısında dayanan əsas vəzifələrdən biri onun saflığının qorunmasıdır. Təəssüflər olsun ki, sosial media platformalarında, eyni zamanda bir sıra halarda televiziya və radiolarda Azərbaycan-türk dilinin ədəbi normaları kobud şəkildə pozulur. Bu, Azərbaycan dilinin məişət dili səviyyəsinə endirilməsi təhlükəsi yaradır. Təəssüf ki, mediamızda orfoqrafik, qrammatik, üslubi, elmi və məntiqi qüsurlara mütəmadi və çox rast gəlirik. Mətnlərdə məzmun xaosuna, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə edilməsinə, alınma sözlərə gərəksiz yerə və çox müraciət edilməsinə, bir çox aparıcıların nitqində dilimizin orfoepik qaydalarının kobud şəkildə pozulmasına az qala hər saat şahidlik edirik. Azərbaycan dilinin saflığının qorunması, ondan yazılı və şifahi qaydada istifadənin daha da genişləndirilmsi sahəsində dövlət siyasətinin daha da və kompleks şəkildə gücləndirilməsi faydalı olardı. Əks halda qloballaşma dalğasndaı, texnologiya, kommunikasiya əsrində ana dilimizin saflığını qorumaq çətinliklərlə üzləşəcək”.

Yazını Ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi ibrətamiz kəlamı ilə bitiririk: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər