*Zəngilan haqqında zəngin məlumat kitabları işıq üzü görüb* 

15.10.2025-ci il tarixdə Bakının Nərimanov rayonunun inzibati ərazisində fəaliyyət göstərən Zəngilan rayon Mərkəzi Kitabxanasında tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlunun “Zəngilan Ensiklopediyası” və jurnalist İbrahim Əsədovun “Zəngilan” adlı kitablarının təqdimat mərasimi keçirilmişdir. 

Təqdimatın məqsədi Zəngilanın zəngin tarixi, mədəni irsi, coğrafiyası və tanınmış şəxsiyyətlərini əhatə edən bu əhəmiyyətli nəşri geniş oxucu auditoriyasına təqdim etmək və bölgənin elmi-tarixi yaddaşını sistemləşdirmək idi.

Tədbirdə çıxış edən Zəngilan rayon Mərkəzi Kitabxanasının direktoru Könül Rustamova kitabın təkcə elmi əsər deyil, həm də Zəngilanın tarixini gələcək nəsillərə çatdırmaq üçün mühüm bir mənbə olduğunu vurğuladı.

Müəlliflər çıxışları zamanı rayonun kəndləri, abidələri, təbiəti, etnoqrafiyası və ictimai-siyasi həyatı haqqında dolğun məlumatlar verdilər.

Təqdimatda çıxış edən natiqlər bu cür nəşrlərin bölgələrin mədəni irsinin qorunması və təbliği baxımından vacibliyini qeyd etdilər.

Sonra məruzə ətrafında çıxışlar edilmiş və müəlliflər kitablarını kitabxanaya bağışlamışlar.

Elnarə Həziyeva