Məşhur Məmmədov,
Millət vəkili
Mayın 15-16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı Azərbaycanın qlobal siyasi gündəmdə artan rolunun və Prezident İlham Əliyevin beynəlxalq arenadakı yüksək nüfuzunun daha bir bariz təzahürü oldu. Dövlətimizin başçısı bu mühüm tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Albaniya Baş naziri Edi Ramanın xüsusi dəvəti ilə qatıldı. Bu dəvətin özü belə Azərbaycanın artan strateji əhəmiyyətinə verilən beynəlxalq dəyərin göstəricisidir.
Zirvə çərçivəsində Avropa İttifaqının iki ən ali rəhbəri – Şura Prezidenti Antonio Koşta və Komissiya Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti ilə görüş keçirdi. Görüşlərdə Azərbaycanın Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş olduğu xüsusi vurğulandı. Avropa liderləri Prezident İlham Əliyevin qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri yüksək qiymətləndirərək bildirdilər ki, Azərbaycanın təşəbbüsləri bu gün təkcə region üçün deyil, bütövlükdə Avropa üçün strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim prioritet olduğunu, enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu bildirdi. Xüsusilə enerji sahəsində 10 Avropa ölkəsinin, o cümlədən Aİ-yə üzv 8 dövlətin məhz Azərbaycan qazı ilə təmin olunması ölkəmizin bu sahədəki mövqeyinin gücünü təsdiqləyir.
Prezident İlham Əliyevin Tiranadakı çıxışlarında Orta Dəhliz layihəsinin əhəmiyyətinə xüsusi yer ayrıldı. Azərbaycan bu strateji nəqliyyat və logistika dəhlizinin təşəbbüskarlarından biri olmaqla yanaşı, həm də aparıcı oyunçusudur. Dövlətimizin başçısı bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri – limanlar, dəmir yolları, avtomobil magistralları və gömrük-logistika sistemlərinin modernləşdirilməsi ilə bağlı ətraflı məlumat verdi. Bütün bu təşəbbüslər Orta Dəhlizin nəqliyyat baxımından daha effektiv, daha cəlbedici olmasına xidmət edir.
Tiranadakı görüşlərdə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin yaşıl enerji potensialının Avropaya daşınması layihəsi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli də gündəmdə oldu. Bu təşəbbüslər Prezident İlham Əliyevin nəinki bugünkü ehtiyacları, həm də gələcək tələbat və qlobal ekoloji trendləri nəzərə alan uzaqgörən siyasətinin bariz göstəricisidir.
Zirvə toplantısında təxminən 50 ölkənin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın beynəlxalq tədbirlərdə artan rolunu bir daha nümayiş etdirdi. Tədbirdə Avropanın yeni dünya düzənində liderliyini qoruyub saxlaması, iqtisadi təhlükəsizlik, enerji və sənaye davamlılığı, rəqəmsal transformasiya və miqrasiya kimi qlobal mövzular müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin bu müzakirələrdə iştirakı ölkəmizin bu gündəlikdəki yeri və nüfuzu baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın yürütdüyü balanslaşdırılmış və prinsipial xarici siyasət, həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda ciddi etimad qazanıb. “Avropa Siyasi Birliyi” kimi platformalarda aktiv iştirakımız beynəlxalq münasibətlərdə Azərbaycanın söz sahibi dövlətə çevrildiyini sübut edir.
Tiranada Prezident İlham Əliyevin Albaniya Baş naziri Edi Rama ilə keçirilən işçi nahar əsnasında görüşü isə iki dost ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” Zirvəsinin uğurla təşkili münasibətilə Albaniya Baş nazirini təbrik etdi, Azərbaycan-Albaniya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. Görüşdə enerji sahəsində həyata keçirilən layihələr, xüsusilə Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz olunması ətrafında müzakirələr aparıldı.
Bu əməkdaşlıq nümunəsi bir daha göstərdi ki, Azərbaycan öz enerji imkanlarını siyasi əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı üçün effektiv alətə çevirib. Bu, Prezident İlham Əliyevin həm iqtisadi, həm də diplomatik müstəvidə apardığı ardıcıl siyasətin məntiqi nəticəsidir.
Tiranada keçirilən Zirvə görüşü bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal siyasətin fəal iştirakçısı, etibarlı tərəfdaş və strateji gücə çevrilib. Onun həyata keçirdiyi çevik diplomatiya, iqtisadi sabitlik və enerji siyasəti Azərbaycanın xarici əlaqələrini yeni mərhələyə daşıyır.
Azərbaycanın bu cür yüksək səviyyəli beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin beynəlxalq statusunu daha da gücləndirir, dövlət başçımızın isə qlobal lider kimi qəbul olunmasını bir daha təsdiqləyir. Tiranadakı səfər bu baxımdan həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan uğurlu və möhtəşəm bir addım oldu.