Azərbaycan gəncliyi universal qərarların icrasında fəaldır. 12 avqust – Beynəlxalq Gənclər Günüdü

1998-ci ilin avqust ayında Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransdan sonra hər il 12 avqust tarixi gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 17 dekabr 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 54/120 saylı qətnaməsinə əsasən qəbul olunmuşdur.

Ümumiyyətlə hər bir xalqın davamlı və xoşbəxt gələcəyinin təmin olunması ilk növbədə gənc nəslin düzgün yetişdirilməsi, gənclərin milli-mənəvi dəyərlərə, doğma dillərinə, adət-ənənələrinə olan dərin hörməti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.”
Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəmişdir.
Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycan gəncliyi artıq uzun illərdir xalqımızın milli mənəvi dəyərlərinin yaşadılması və milli birliyimizin möhkəmlənməsi işində səylərini əsirgəmir.
Belə ki, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihəsi həyata keçirilmişdir. Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaratmışdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilərək istər gənclərin mədəni-sosial həyatının təşkili, istərsə də onların elmi, vətənpərvərlik biliklərinin müasir çağırışların tələblərinə uyğunlaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Xüsusilə də Azərbaycan gənclərinin qlobal-siyasi debatlarda iştirakçılığı, habelə yeni platformalarda özlərinin aktiv rolu Azərbaycan gəncliyinin böyük potensialının varlığını bu gün də təsdiq edir.
Azərbaycan dünya gənclər siyasətinin müəyyənləşməsində on ildən artıq bir müddətdə yaxından iştirak edir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlu təcrübəni dünyada fəaliyyət göstərən qlobal gənclər institutları yüksək qiymətləndirərək 2014-cü ildə ilk dəfə olaraq bütün dünyanın, BMT-yə üzv olan ölkələrin, gənclər siyasəti ilə məşğul olan dövlət, qeyri-dövlət mütəxəssislərinin, nazirlərin iştirakı ilə “Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu”nun (1st Global Youth Policy Forum) məhz ölkəmizdə keçirilməsini dəstəkləmişlər.
BMT-nin baş katibinin yanında fəaliyyət göstərən Gənclər Ofisi, Avropa Şurasının Gənclər Departamenti, UNESKO, BMT İnişaf Proqramının, eləcə də gənclər siyasəti ilə məşğul olan regional ofislərin iştirakı ilə 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş bu qlobal Forumda dünyada gənclər siyasətinə dair “Bakı Kommünikesi” adlandırılan sənəd qəbul olunmuşdur. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu və əhatəli nitq söyləmişdir. Cənab Prezidentin “Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir.” sözləri Azərbaycan gəncliyinin hər zaman innovasiya, yeniliklər, müasir çağırışlara hazır olduğunun əyani sübutudur.
Son illərdə Azərbaycan gəncliyi özünü beynəlxalq platformalarda daha da yüksək səviyyədə təqdim etməyi bacarmışdır. Azərbaycanda Milli BMT Modeli (MUN) hərakatının yaradılması bilavasitə bilikli, savadlı Azərbaycan gəncliyi üçün bütün dünyanın mütərəqqi institut və təsisatlarına yol açmış, Sovetlər dönəmində belə mövcud olan könüllülük hərakatını müasir müstəqillik tariximizdə nəinki qoruyub saxlamış, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilmişdir.
Bu gün Azərbaycanda könüllü ordusu əsasən gənclərdən ibarət olaraq təşkil olunmuşdur. Gənclərimiz hər bir sahədə aparılan işlərdə yaxından iştirak edir, həmin sahələrin inkişaf etdirilməsinə, o cümlədən bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verir. Bu fəaliyyətə ən böyük qiyməti Birinci Avropa Oyunları keçirilən zaman Təşkilat Komitəsinin sədri olaraq Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva vermişdir. Mehriban xanımın Oyunların bağlanış mərasimində səsləndirdiyi kimi “Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var.”
2018-2022-ci Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını, eləcə də qlobal çağırışların yerli səviyyədə uğurlu icrasını təmin edən əsas təşəbbüslərdən biri oldu.
Keçdiyimiz aylarda isə, 18-22 iyul tarixlərində dünyamız qlobal gənclər platformasında Azərbaycanın ev sahibliyi ilə reallaşdırılan yeni, böyük tarixi həmrəylik təşəbbüsünə şahidlik etdi. Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkəsinin Sammiti keçirildi. Bu gün QH-nin Gənclər Şəbəkəsinin yaradılması eyni zamanda Azərbaycanın günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir.
Qeyd edim ki, keçən müddət ərzində Azərbaycan gəncliyi universal qərarların icrasındakı fəallıqları ilə yanaşı, eyni zamanda vətənpərvərlik, dövlətə sədaqət, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan gəncliyinin mübarizliyinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycan ordusunun böyük Zəfər qazanmasıdır.
Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirmişdir.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, bu gün də arxa cəbhədə, diplomatik mübarizədə yüksək fəallıq göstərir, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak edir, Azərbaycanın de-yure qələbəsinin reallaşmasında yüksək əzmkarlıq nümayiş etdirir.
Bu baxımdan, bütün Azərbaycan gəncliyini 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir və inanıram ki, gənclərimizin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarla davam etdiriləcək.
 
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı