Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Sössüz ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərindən biridir. Bu baxımdan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də təbiidir. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda qeyd etmişdir: “Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir”.

Azərbaycan hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.

Ümumiyyətlə, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Cari ilin oktyabrın 10-da keçirilən tədbir zamanı ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümüdür. Ölkə başçısı müraciəti zamanı bu mövzuya toxunaraq vurğulamışdır: “Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”. 

Toplantı zamanı, həmçinin, Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulanıb. Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edilərək bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırılıb. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Ölkə Prezidenti müraciət məktubunda bütün bunların Ermənistan üçün tarixi fürsər olduğunu vurğulayaraq bildirmişdir: “Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”. 

 

Rəşad Sadıqov siyasi elmlər üzrə fəlsəfə doktoru, ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri