Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq - Şərh

“Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Səfər zamanı səslənən mesajlar göstərdi ki, Bakı və Bratislava qarşılıqlı maraqların bütün istiqamətlərində əməkdaşlığı dərinləşdirməyə hazırdır və bu əməkdaşlıq gələcək illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Slovakiya Azərbaycanla regionun aparıcı iqtisadi gücü, Avropa ilə Asiyanın kəsişməsində mühüm geostrateji mövqeyə malik tərəfdaş olmaqda maraqlıdır və bu mövqelərini rəsmi şəkildə bəyan etdilər.

“Ötən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələrin yeni mərhələsinin əsasını qoyub. Bu sənəd həm siyasi dialoqu genişləndirir, həm də müxtəlif iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığın intensivləşməsini stimullaşdırır”, - o vurğulayıb.

Deputat əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsin artdığından  gələcəkdə Slovakiya ilə Azərbaycan müasir texnologiyalar, tələbə mübadiləsi, turizm və mədəniyyət, sənaye və investisiya layihələri  istiqamətində əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur:

“Qarabağ bölgəsində slovak şirkəti tərəfindən inşa edilən “ağıllı kənd” layihəsi isə iqtisadi və texnoloji əməkdaşlığın konkret təzahürüdür. Slovakiyanın ixrac-idxal bankı da Azərbaycanla yeni layihələrin maliyyələşdirilməsinə hazır olduğunu açıqlayıb.

Səfərin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi və enerji əməkdaşlığı oldu. Keçən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya tədarükü həyata keçirildi və bu, iki ölkə arasında enerji əməkdaşlığının real başlanğıcı sayılır.

Azərbaycan hazırda ildə 25 milyard kubmetr qaz ixrac edir, bunun yarısı Avropaya göndərilir, Azərbaycan qazı alan Avropa İttifaqı ölkələrinin sayı 8-ə çatıb, ümumilikdə Azərbaycan qazı 14 ölkəyə ixrac olunur.

Yeni qaz yataqlarının işlənməsi əlavə resursların yaradılmasına imkan verir və Slovakiya ilə yanaşı, onun qonşu ölkələrinə də qaz tədarükünün artırılmasını perspektiv edir. Bratislava Azərbaycanın enerji resurslarını uzunmüddətli perspektivdə etibarlı və strateji mənbə hesab edir.

Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində aparıcı mövqeyi Slovakiya üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna qoyduğu yatırımlar ölkəni Orta Asiya ilə Avropanı birləşdirən ən etibarlı marşrutlardan birinə çevirib. Orta Dəhliz layihəsi konteyner daşımalarının və yük axınının yeni istiqamətlərini açır.

Azərbaycan bu infrastrukturu daha da genişləndirməyi planlaşdırır və Slovakiya ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi xüsusi perspektiv kimi qiymətləndirilir”.

Deputatın fikrincə, Azərbaycan-Slovakiya münasibətləri tarixi səfərdən sonra yeni strateji mərhələyə qədəm qoyur: “Enerji təhlükəsizliyi, müdafiə sənayesi, ticarət, nəqliyyat, texnologiyalar, təhsil, investisiyalar və digər sahələr üzrə yanaşmalar iki ölkə arasında uzunömürlü tərəfdaşlığın formalaşdığını nümayiş etdirir.

Bratislava və Bakı qarşıdakı illərdə bütün istiqamətlər üzrə danışıqları davam etdirəcək və hər iki tərəfin razılaşdığı kimi, əlaqələr daha yüksək səviyyəyə qaldırılacaq”.