Azərbaycan Türk dünyasının strateji və etibarlı dayağıdır - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının (TDT) inkişaf edən gündəliyində Azərbaycanın rolu getdikcə daha aydın görünür. Azərbaycan TDT çərçivəsində yalnız üzv dövlətlər arasında əməkdaşlıq üçün platforma yaratmır, eyni zamanda yeni təşəbbüslər irəli sürən və təşkilatın strateji hədəflərinin reallaşmasına töhfə verən fəal tərəfdaş kimi çıxış edir".

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

O bildirib ki, Bakıda qısa müddət ərzində TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isə Təhlükəsizlik Şuraları katiblərinin toplantılarının keçirilməsi təsadüfi deyil: "Bu tədbirlər Azərbaycanın həm dialoq, həm də təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından etibarlı məkan olduğunu göstərir. Eyni zamanda bu, Azərbaycanın TDT ilə münasibətlərinin yalnız siyasi əlaqələrlə məhdudlaşmadığını, təhlükəsizlikdən humanitar əməkdaşlığa qədər geniş spektri əhatə etdiyini nümayiş etdirir. TDT-nin əsas hədəflərindən biri beynəlxalq sistemdə daha təsirli və nüfuzlu təşkilata çevrilməkdir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayan institusional inkişaf bu gün daha geniş əməkdaşlıq gündəliyi ilə davam edir. Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də təşkilat daxilində məsləhətləşmələrin daha çevik və intensiv formatda aparılmasına verilən önəmi göstərir. Prezident İlham Əliyevin dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyi barədə fikri də bu yanaşmanın mahiyyətini ifadə edir".

Milli Məclisin üzvü hesab edir ki, TDT-nin potensialını artıran əsas istiqamətlərdən biri isə enerji və nəqliyyat bağlantılarıdır: "Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya Şərqlə Qərb arasında mühüm nəqliyyat və enerji marşrutlarının formalaşmasına imkan yaradır. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat xətlərində Azərbaycanın tranzit imkanları TDT ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün mühüm zəmin yaradır.

Digər mühüm istiqamət ikitərəfli əlaqələrin inkişafıdır. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən sənədlər imzalayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə siyasi həmrəyliyin iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir.

TDT-nin gələcəyi yalnız iqtisadi və siyasi əlaqələrdən deyil, həm də ortaq milli-mənəvi dəyərlərin qorunmasından asılıdır. Xüsusilə gənclər siyasəti burada mühüm yer tutur. Gənclərin fikir və təşəbbüslərinin dinlənilməsi, onların milli kimlik, vətənpərvərlik və dövlətçilik dəyərləri ruhunda formalaşmasına şərait yaradılması TDT-nin uzunmüddətli strateji məqsədləri baxımından əhəmiyyətlidir. Bu istiqamətdə gənclər forumlarının və ortaq layihələrin genişləndirilməsi faydalı ola bilər". Onun sözlərinə görə, müasir təhlükəsizlik anlayışı isə artıq yalnız hərbi təhlükələrlə məhdudlaşmır. "İnformasiya, ideoloji və kiber müstəvilərdə gedən proseslər də dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Regionda müharibə və qarşıdurmaların davam etdiyi bir şəraitdə TDT ölkələrinin təhlükəsizlik sahəsində koordinasiyasının gücləndirilməsi xüsusi aktuallıq daşıyır",-o vurğulayıb.

Ə.Məhərrəmzadə qeyd edib ki, Azərbaycanın TDT daxilində fəaliyyəti üç əsas xətt üzrə xarakterizə oluna bilər: etibarlı platforma, təşəbbüskar tərəfdaş və strateji bağlantı mərkəzi. Enerji və nəqliyyatdan investisiyaya, təhlükəsizlikdən gənclər siyasətinə qədər geniş əməkdaşlıq gündəliyi TDT-nin institusional imkanlarını artırmaqla yanaşı, Türk dünyasının beynəlxalq sistemdə daha sıx əməkdaşlıq edən aktor kimi formalaşmasına xidmət edir.

Mürtəza