Azərbaycan Universitetində keçirilən beynəlxalq konfrans işini yekunlaşdırıb

Azərbaycan Universitetində keçirilən II “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işini bağlanış mərasimi ilə yekunlaşdırıb. 20-dən çox ölkəni təmsil edən nümayəndənin iştirak etdiyi tədbirin bölmə iclaslarında sosial iş təhsilinin inkişafı, böhran dövründə sosial iş təcrübəsi, həssas qrupların sosial müdafiə axtarışı, səhiyyə və təhsildə sosial siyasət, asılılıqlar və ailə problemləri kimi mövzular üzrə 100-ə yaxın məruzə dinlənilib, fikir mübadiləsi aparılıb.

Konfransın bağlanış mərasimində universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış edərək tədbirin çox məhsuldar və səmərəli olduğunu bildirib. Rektor Səadət Əliyeva isə bağlanış nitqi ilə çıxış edərək tədbirin tərəfdaşlarına, iştirakçılarına, plenar məruzəçilərinə və tədbirin keçirilməsində fəal iştirak edən tələbələrə təşəkkür edib, həmçinin konfransın qərarlarını açıqlayıb.

Konfransın qərarları aşağıdadır:

2023-cü ildə keçirilən “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) konfransının qərarı ilə təsis edilən “Social Issues” jurnalının Scopus və digər elmmetrik bazalarda indekslənməsi üçün zəruri tədbirlərin görülməsi

Sosial işin təşkili kafedrasının bazasında Sosial iş fakültəsinin yaradılması

Sosial iş ixtisasının magistratura səviyyəsində də ingilis dilində tədrisinin təşkil olunması

2027-ci ildə “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransının üçüncüsünün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirilməsi

Konfransın qərarları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Konfransdan sonra xarici iştirakçıların Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunub.

Koloritliyi ilə fərqlənən və yadda qalan tədbir həm elmi müzakirələr və fikir mübadiləsi üçün platforma olub, həm də yeni əlaqələrin qurulduğu, mövcud əlaqələrin isə möhkəmləndiyi ölkələrarası dostluq körpüsünə çevrilib.

Qeyd edək ki, Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat və Recep Tayyip Erdoğan universitetlərinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Konfransın birincisi 2023-cü ilin noyabr ayında keçirilib. Sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim edən konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Konfransın səhifəsinə keçid:

https://au.edu.az/en/conferences/2nd-international-conference-on-social-work-social-research