Müasir beynəlxalq münasibətlər sistemində ideoloji və mədəni platformada mövqeləri üst-üstə düşməyən dövlətlərin siyasi müttəfiqliyi çox vaxt konyunktur xarakter daşıdığı halda, Bakı və Daşkənd nümunəsində mədəniyyət faktorunun siyasi etimadın ən etibarlı zəmanətçisinə çevrildiyinə şahidlik etməkdəyik. Daha korrekt desək, mədəni-humanitar sahədəki dinamik inkişaf və əsrlərə söykənən mənəvi bağlar Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlərin xarakterini müəyyən edən strateji təməl rolunu oynamaqla "soft power" mexanizmi kimi çıxış edir. Bu faktor ikitərəfli siyasi dialoqun məzmununu zənginləşdirir və mədəni diplomatiya əlaqələrin perspektivini birbaşa daxili, yaxud xarici geopolitik təsirlərdən qoruyur.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində "İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanması" barədə səsləndirdiyi fikirlər təsadüf hesab edilə bilməz və dövlətlər arasındakı strateji tərəfdaşlığın və sarsılmaz müttəfiqliyin dərin ideoloji mahiyyətini ən dəqiq şəkildə ifadə edir. İki ölkəni birləşdirən amillər təkcə geopolitik maraqlar və ya iqtisadi layihələr deyil, əsrlər boyu formalaşmış ortaq mədəni irs, ədəbiyyat, elm və mənəvi dəyərlər sistemidir. Müasir beynəlxalq münasibətlər fərqli siyasi konyunkturalardan asılı olaraq dəyişə bilsə də, məhz belə möhkəm mədəni-humanitar təmələ söykənən ittifaqlar əbədi və sarsılmaz xarakter daşıyır.
Mədəni birliyin mövcudluğu eyni zamanda siyasi qərarların sadəcə rəsmi protokollar kimi deyil, tarixi ədalətin və qardaşlığın təzahürü kimi qavranılmasını təmin edir. Siyasi və iqtisadi maraqlar qlobal konyunkturadan asılı olaraq dəyişə və ya sınaqlarla üzləşə bilsə də, ortaq dil, din, ədəbiyyat və incəsənət üzərində qurulan tərəfdaşlıq dövlətlərarası münasibətlərə unikal bir immunitet qazandırır. Məhz bu mənəvi təməl istənilən diplomatik maneənin və ya xarici təzyiqin asanlıqla dəf edilməsinə imkan verir.
Aydındır ki, Türk dünyasının görkəmli klassikləri — Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və digər dahi şəxsiyyətlərin yaratdıqları zəngin irs təkcə Azərbaycan və özbək xalqlarının deyil, ümumən bəşər sivilizasiyasının misilsiz sərvətidir. Bu ortaq yaddaşa və mənəvi irsə dövlət səviyyəsində ehtiramın rəmzi olaraq Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin möhtəşəm abidələri ucaldılıb. Özbəkistan Dövlət Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Azərbaycanda isə bir qəsəbəyə Əlişir Nəvainin adının verilməsi bu qardaşlığın unudulmaz rəmzləridir. Ədəbi və musiqi əlaqələrimiz də bu birliyin parlaq təzahürüdür: Özbəkistanda yaşamış əslən azərbaycanlı şair Maqsud Şeyxzadə özbək ədəbiyyatının görkəmli nümayəndələrindən sayılır, dahi bəstəkar Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında ərsəyə gətirdiyi "İki qəlbin dastanı" baleti isə dünya musiqi sənətinin incilərindən biri kimi xalqlarımızın mənəvi yaxınlığını sənətin dili ilə əbədiləşdirib.
Türk dünyasının mədəni irsinin qorunması, beynəlxalq miqyasda təbliği və xalqlararası humanitar körpülərin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri və misilsiz töhfələri var. Məlumdur ki, Mehriban xanım Əliyeva yalnız Azərbaycanda deyil, bütövlükdə Türk dünyasında mədəniyyətin və mənəvi irsin hamisi kimi böyük nüfuz qazanıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, klassik irsimizin, muğam sənətimizin, aşıq poeziyamızın və tətbiqi sənətimizin UNESCO səviyyəsində bəşəri dəyər kimi tanınması, eləcə də Türk dövlətləri arasında təhsil, səhiyyə və mədəniyyət sahələrində inteqrasiyanın dərinləşməsi ortaq kimliyimizin güclənməsinə xidmət edir. Birinci vitse-prezidentin təşəbbüsü və dəstəyi ilə reallaşan humanitar aksiyalar, bərpa olunan tarixi-mədəni abidələr, keçirilən beynəlxalq festival və forumlar Azərbaycan–Özbəkistan münasibətlərində mədəni diplomatiyanın ən ali nümunəsinə çevrilərək iki qardaş xalqın bir-birinə daha da yaxınlaşmasını təmin edir. Mədəni-humanitar sahədəki bu sürətli inkişaf və sarsılmaz mənəvi bağlar birbaşa olaraq dövlətlərimiz arasındakı siyasi münasibətlərin keyfiyyətcə zənginləşməsinə və dərinləşməsinə xidmət etməklə siyasi etimad mühitini tam formalaşdırır, strateji qərarların qəbulunu asanlaşdırır və iki dövlət rəhbərinin qardaşlıq münasibətlərinə güclü ictimai dayaq yaradır. Mədəniyyət sahəsindəki sıx inteqrasiya nəticəsində yaranan emosional və mənəvi həmrəylik xalqlarımızın qarşılıqlı dəstəyini təmin edir ki, bu da beynəlxalq arenada ortaq geosiyasi maraqların müdafiəsini daha çevik və effektiv edir. Siyasi sahədə yaranan hər hansı kənar təzyiqlərə və qlobal böhranlara qarşı davamlılıq məhz bu dərin mədəni köklər vasitəsilə təmin olunur — çünki siyasi müqavilələr dəyişə bilsə də, ortaq dəyərlərə söykənən diplomatik iradə sarsılmaz olaraq qalır.
Bu gün iki dövlət arasında humanitar əməkdaşlıq keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı mədəniyyət günləri, teatr və musiqi festivalları, rəssamlıq sərgiləri, tələbə mübadilə proqramları və elmi forumlar Bakı ilə Daşkənd arasında mədəni dialoqu hər gün daha da zənginləşdirir. Bu layihələr ortaq irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə yanaşı, siyasi dialoqun da ən etibarlı zəminini formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana gözlənilən dövlət səfəri fonında bu mənəvi və siyasi birlik özünün ən yüksək zirvəsinə çatır. Mədəni-mənəvi yaxınlıq Azərbaycan və Özbəkistanın BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və MDB çərçivəsində bir-birinin maraqlarını tərəddüdsüz müdafiə etməsini şərtləndirir. Qarabağ məsələsində Özbəkistanın nümayiş etdirdiyi dəyişməz ədalətli mövqe, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl dəstəkləməsi, işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesinə verdiyi praktiki dəstək məhz bu mənəvi birliyin doğrudan-doğruya siyasi müstəviyə transfer olunmasının bariz nümunəsidir. Bu qardaşlıq dəstəyinin praktiki təzahürü kimi, Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb iki xalqın sarsılmaz həmrəyliyinin əbədi abidəsidir.
Cənubi Qafqazın və Mərkəzi Asiyanın iki aparıcı dövlətinin mədəniyyətlə təməli qoyulmuş siyasi ittifaqı bütövlükdə Türk dünyasının inteqrasiya prosesini sürətləndirir, Orta Dəhliz kimi qlobal nəqliyyat-logistika və iqtisadi layihələrin siyasi risklərdən uzaq, təhlükəsiz şəraitdə reallaşmasına zəmin yaradır. Mədəni-humanitar bağlarımızın dövlətlərarası siyasi iradə ilə birləşməsi Azərbaycanı və Özbəkistanı regionda və dünyada daha güclü, dayanıqlı və nüfuzlu tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin dərinləşməsi sadəcə keçmişə ehtiram aktı deyil, hər iki dövlətin suverenliyini, beynəlxalq mövqelərini və geostrateji gücünü artıran canlı, hərəkətverici siyasi mexanizmdir.
İbrahim Zahidli,
politoloq,
Geneva "EU Business School" məzunu