Azərbaycana gələn turistlərin sayı ARTDI

Ötən ay ölkəyə 224 826 nəfər gəlib.

Sabahinfo.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox olub. Belə ki, ötən ilin iyulunda ölkəyə 193 416 nəfər səfər edib.

Bu ilin 7 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 144 122 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (832 186 nəfər) 37 faiz çox olub.

Ötən ay gəlmə sayına görə, Rusiya (72 432), Türkiyə (31 269), Səudiyyə Ərəbistanı (21 908), İran (14 473) və Gürcüstan (8 692) ilk beşlikdə yer alıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyulunda Yaxın Şərqdən gələnlərin sayında 12 faiz azalma qeydə alınıb.

Gəlmə sayına görə ən çox artım isə Şimal Şərqi Asiyanın (395%) payına düşüb.

Pandemiyadan əvvəlki illə müqayisədə Türkiyə (9 faiz), Cənubi Asiya (18 faiz), Afrika (34 faiz) və Cənub Şərqi Asiyadan (15 faiz) gələnlərin sayında artım olub.