Azərbaycanda legitim siyasi sistemin güclənməsi fonunda radikal müxalif yanaşmaların növbəti iflası

Gülşən Paşayeva, Milli Məclisin deputatı

2025-ci il Azərbaycan xalqının tarixində Konstutusiya və suverenlik ili kimi yadda qalacaq. Bu gün şanlı zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və quruculuq fəaliyyəti, məcburi köçkün əhalinin tədricən öz doğma yurd-yuvalarına qayıdışı, energetika və nəqliyyat sahələrində həyata keçirilən infrastruktur layihələr, sosial rifahın yüksəlməsinə yönələn fəaliyyət və s. hakimiyyətə olan etimadı və onun legitimliyini daha da gücləndirmişdir. 

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın bugünkü inkişaf modeli Ulu Öndər Heydər Əliyevin siyasi kursunun məntiqi davamıdır. Dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi modernizasiya, beynəlxalq arenada balanslaşdırılmış xarici siyasət və milli maraqlara söykənən strateji xətt – məhz bu ideyaların varisliyi hakimiyyətə güclü ənənəvi legitimlik qazandırır. Cəmiyyət də bu siyasi xəttin ölkəyə sabitlik və inkişaf gətirdiyinin şahididir və onu müdafiə edir. 

Beləliklə, müasir Azərbaycanın siyasi sistemi sürətlə dəyişən qlobal və regional çağırışlar fonunda öz dayanıqlığını və idarəolunma qabiliyyətini nümayiş etdirir. Hakimiyyətin milli maraqlara əsaslanan strategiyası, cəmiyyətin sabitlik və inkişafdan doğan gözləntiləri siyasi spektrin bütün elementləri – o cümlədən müxalifət  tərəfindən obyektiv qiymətləndirilməlidir. Əfsuslar olsun ki, bəzi müxalif qüvvələr tərəfindən biz bu obyektiv yanaşmanı görmürük. Bu gün yalnız destruktiv ritorikaya əsaslanan radikal müxalifətin nə real siyasi proqramı, nə də cəmiyyətin sosial-siyasi ehtiyaclarına uyğun təklifləri mövcuddur. Bu səbəbdən də xalqın onlara dəstək verməməsi təsadüfi deyil.
Bu məsələnin aktuallığını son günlər Azərbaycan cəmiyyətində Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planı və həmin planın həyata keçirilməsində Əli Kərimli və AXCP-nin ətrafında cərəyan edən proseslər və aparılan müzakirələr də təsdiqləyir. Nəzəri baxımdan bu bir siyası aksuomdur ki, müxalif mövqelərdən çıxış edən siyasi qüvvələr konstruktiv ideyaların daşıyıcısı olmağa çalışmalıdır. Belə müxalifət ümummilli dəyərləri bölüşməli, dövlətçilik xəttinə alternativ deyil, tamamlayıcı və tənzimləyici siyasi institut kimi çıxış etməlidir.

Təəssüf ki, uzun illər ərzində Azərbaycanda radikal mövqelərdən çıxış edən bəzi “müxalifət” yönümlü siyasi qruplar bu tələblərə cavab vermir. Xarici güclərin və bəzi qonşu dövlətlərin təsiri nəticəsində bu qrupların daxili sabitliyin pozulmasına xidmət edən destruktiv fəaliyyəti nəticəsində Azərbaycanın milli maraqları dəfələrlə zərbə altına qoyulmuşdur. Vaxtilə Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar forumu” və Milli Şura kimi təşəbbüslər buna bariz nümunədir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi qələbə və daha sonra 2023-cü ildə anti-terror əməliyyatı nəticəsində suverenliyimiz tam təmin edilməsi xalqın, Prezidentin və Ordunun vəhdətini bir daha dünyaya nümayiş etdirdi. Bu tarixi hadisələr Cənubi Qafqaz regionunda güc balansını dəyişdirməklə, yeni geosiyasi mühitin əsasını qoydu və Ukrayna böhranı fonunda Rusiyanın və digər xarici aktorların bu bölgədə yerləşən ölkələrin daxili siyasi proseslərinə müdaxilə etmək maraqlarını daha da artırdı. Yaranmış vəziyyətdə Azərbaycanın milli maraqlarıni uca tutan istənilən siyasi qüvvə xarici dairələrin təsiri altına düşməməlidir. Əks halda milli təhlükəsizlik baxımından dövlətçiliyə zərər vurmağa çalışan istənilən qüvvənin fəaliyyətinə ciddi siyasi və hüquqi qiymət verilməlidir.
O ki qaldı Ramiz Mehdiyevə, Əli Kərimliyə və digərlərinə, Azərbaycan hüquqi dövlətdir və əmin olmaq olar ki, aparılan istintaq tədbirləri nəticəsində dövlətçiliyə qarşı ağır cinayətlərdə ittiham olunan bu adamların əməllərinə hüquqi qiymət veriləcək və onlar layiqli cəzalarını alacaqlar.