Azərbaycanın inkişafı cənab İlham Əliyevin liderliyi ilə davam edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Kürdəmir rayonunun Yenikənd, Dəyirmanlı, Xırdapay və Qağacılı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Vasif Məmmədov, Mehrab Abdurahmanov, Elmira Şıxəliyeva, Cəbrayıl Cəbrayılov çıxış ediblər. Prezident İlham Əliyevin siyasətinin nəticələrindən danışan natiqlər qeyd ediblər ki, ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu gün həyata keçirilən islahatlar nəticəsində respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycana tarixi Zəfər qazandıran, 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də hər zaman xalqın yanında olan, ölkəsinin uğurları üçün daim çalışan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.