"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatıdır".
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində qeyd edib.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan vurğulayıb.
Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.
“Bu maneə artıq mövcud deyil”, – Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.