Azərbaycanlı və erməni nümayəndələr İrəvanda görüşdülər

Oktyabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masanın iştirakçıları ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb. 

Armen Qriqoryan belə görüşlərin keçirilməsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirərək, belə formatların insanlar arasında müsbət təmasların qurulmasına töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, cəmiyyətin müxtəlif təbəqələrinin işə cəlb olunması yalnız sülhü möhkəmləndirəcək.

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosfer yaratdıqlarına görə erməni tərəfinə təşəkkür ediblər.

İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

İclasın ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb.