Ermənilər Gürcüstanda Türkiyə nömrəli maşınların yolunu kəsib

Qarabağda Azərbaycanla Ermənistan arasında baş verən döyüşləri bəhanə gətirən bir qrup erməni Axalkələkdə Türkiyədən gələn avtomobil və TIR-larına daşlarla hücum edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ermənilər Çıldır Aktaş sərhəd məntəqəsinin yolunu daş və qayalarla bağladığından, təhlükəsizlik məqsədilə marşrut dəyişikliyi edilib.

Gürcüstandan Türkiyəyə gəlmək istəyənlər Çıldır Aktaş sərhəd məntəqəsi yerinə Türkgözü sərhəd məntəqəsinə yönəlib. Nəticədə Gürcüstan-Türkiyə sərhədində 4 km-lik növbə əmələ gəlib.

Türkgözü sərhəd məntəqəsinin təhlükəsiz olduğunu bildirən sürücülər ermənilərin təxribatları səbəbindən belə növbə yarandığını bildiriblər. "Aktaş sərhəd məntəqəsinin yolu daş və qayalarla bağlanıb. Türkiyənin Azərbaycana dəstək verməsini bəhanə edən erməni əsilli qruplar yolu hərəkətə bağlayıb. O tərəfə gedən Türkiyə nömrəli avtomobillər və sürücülər hücuma məruz qalır. Bu üzdən Ahıska-Posof qapısına yönəlmişik. Burada da 4 kilometrlik növbə yaranıb".