Faiq Ağayevdən “Eurovision 2016”ya şərh

Xalq artisti Faiq Ağayev "Eurovision 2016” mahnı müsabiqəsi zamanı Ermənistan tərəfinin dəfələrlə təxribata əl atmasından söz açıb.

Sənətçi "Facebook” profilində Ermənistan təmsilçisi İveta Mukuçyanın yarımfinal mərhələsində Qondarma Dağlıq Qarabağın "bayrağ”ını qaldırmasını, daha sonra isə yarışmanın final mərhələsinin keçirildiyi "Globen-Arena”nın üzərində uçan kiçik təyyarənin üzərində yazılan "Karabach-İveta” plakatı xatırladıb.

F.Ağayevin fikirlərini olduğu kimi oxuculara təqdim edirik:

"Bir az səbrli olun, Dostlar. Uzun söhbətdir bu.

Haralı sözünü gətirmə dilə.

O ləkə deyilmi bütöv bir elə?

Xalqımın birliyin siz bilə-bilə,

Onu yüz parçalayıb, min ayırmayın!

(Şəhriyar)

Nədən bu əvəzsiz misralar yadıma düşdü? Onu böyük ustad biz - Azərbaycanlılara ünvanlamışdı. Ta, deməmişdi ki, bunu özümüzlə digər milliyətlər arasında ümumbəşər anlamda istifadə edək.

Qonşu bizi talayır, əsrlər boyu nəslimizi-kökümüzü baltalayır, bizə aid hər nə varsa, həyasızcasına özünkü elan edir, ən çirkin əməllərlə, şər-böhtanla, cinayətlə, soyqırımla axırımıza çıxmaq istəyir.

1.000.000 didərgin, 100 minlərlə qurban...

Həmişə demişəm ki, millətçilik və millətpərəstlik -vətənpərvərlik arasında bir ümman fərq var. Birisinin sonu - uçurum və məhv, digərin isə - rifah, təkəmmül və tərəqqidir.

Kimə deyirsən?

Ağzını açıb, xalqının mənafelərini müdafiəyə etməyə çıxan kimi "N" qədər yeni "format" azərbaycanlı (əksəriyyəti də ya xaricə pənah aparanlar, ya da ki, elə xarici dildə təhsil alanlardır) şüvən qaldırıb, adamı ksenofobiya, nasıizm, faşizm və digər bu kimi ağılasığmaz yarlıqlarla "nişanlardırmağa" başlayır, yürüş-hücuma keçir.

Nə demişəm?

1) Damarında erməni qanı olan əvvəl-axır, çox böyük ehtimalla, "daşnak"lığını sərgiləyəcək.

2) Bir-birinizi əcnəbiyə görə qırmayın. Öncə, kor münaqişənizə səbəb olan haqda məlumatlanın yetərincə.

Gəlin, təhlil edək.

- Ana südü ilə türkə, azərbaycanlıya vəhşi nifrət ilə bəslənənin, anti-qonşu informasiya təbliğatı ilə böyüyəyin bu həyatda başqa bir perspektivi varmı? Tək-tük öz ağlı ilə dünyaya qiymət verənlər göstəricidirmi? Hamıya bəllidir - istisna ümumi qaydanı təsdiqləyir yalnız.

- "Ana vətənim - Ermənistandır, güclə köçürülmüş 5 yaşlı babama görə isə - yurdum Qarabağdır" deyən, sırf konyunktura naminə Krım tatarlarının sürgünü haqda Avtopanı "məlumatlandıraraq", öz dili ilə desək: "duduk”dan ilhamlanıb", guya "muğam ifa" edən Susana, bir anladın, mən - Azərbaycanlıya - nəyə görə "gülmə-şəkər" olmalıdır ki?

Rəşid Behbudov, Vaqif Mustafazadənin adını dilinə gətirib deyə, Aram Xaçaturyan, Arno Babacanyan, Komitasın isimlərini bəh-bəhlə önə çəkən birisinə alqışmı səsləndirməliyəm mən?

Doğma bacısı türkə ərə gedib deyə, türk bayrağı altında çıxış edən, amma Yerevana səfəri vaxtı Ermənistanın büs-bütün "haqq yolunda” olduğunu qürürla deyənə göz yummalıyammı?

Nə mütləqiyyətdir ki bu belə - yalnız siz deyəni millət acı "dərman" kimi qəbul etməlidir? Niyə bunları xalqın boynuna qoymaq istəyirsiz? Məqsədiniz nədir, cənab və cənabələr?

Azərbaycan-ermənistan, Dağlıq Qarabağ münaqişəsini aradan götürmək üçün neçə illərdir uğursuz vasitəçilik edənlərin tələb-təklifləri arasında beləsi də var:

2 dövlət arasında "xalq diplomatiyası" yaradılmalı, qarşılıqlı "etimad-inam carçıları" önə çəkilməlidir.

"Lay-lay, bala, lay-lay!!!" - budur o prinsipin əsl adı. Məhz belə, nida işarələri ilə. Əmr şəklində! Ki, səsimizi çıxara bilməyək.

Açıq danışaq.

Ən kəskin, barışmaz radikallarımız belə etiraf edər ki, Qarabağ problemi ədalətli şərtlər (torpaqlarımız tam azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməli) ilə həll olunduqdan sonra, heç bir milliyətcə erməni olan Azərbaycan vətəndaşına bu Məmləkətdə əngəl, maneə, təhlükə olmayacaq! Gəlib, təşrif buyursunlar bu Vətənə. Millət olaraq zülmkar, vəhşi, cəllad deyilik çünki!

Bax onda, mən də cəmiyyətimizə barışıq, sevgi-məhəbbətlə birgə yaşayış çağırışları ilə xitab edərəm.

fərqimiz isə odur ki, siz, əl-ayağa düşüb, bunu indidən (!!!) - yaralarımız qan sızan vaxtda, onlarca şəhid verdiyimiz, Vətənimiz hələ də işğal altında olan, milli ləyaqət-namusumuz zorlanan dönəmdə "dəyanətlə" xalqımıza "soxuşdurmaq" niyyətindəsiniz.

P.S

Separatizmdən dərd çəkən Ukrayna dövlətini "Eurovision 2016" mahnı müsabiqəsində Krım-tatar millətinin sürgün olunmasından bəhs edən, müəllifləri

Susana Camaladdinova/Art Antonyan/Armen Kostandyan/Yevgeniy Filatov olan

"1944" mahnısı ilə qələbə qazanması münasibəti ilə təbrik edirəm.