Saakaşvili İstanbuldakı terrorda Gürcüstanı ittiham etdi

"Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb".

Bu sözləri Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

Mixail Saakaşvili qeyd edib ki, o, Gürcüstanda hakimiyyətdə olan zaman hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilib:"Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişən zaman, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçmişdi. Elə o vaxt yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazımı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”.