Səlim Müslümov Tacikistanda baş nazirlə görüşüb

Tacikistanda səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs olunub, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun xidmətləri vurğulanıb.

K.Rasulzoda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dost münasibətlərinə əsaslandığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Baş nazir əməkdaşlıq əlaqələrinin əmək və məşğulluq sahəsində də gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. K.Rasulzoda Azərbaycan nümayəndə heyətinin ölkəsinə bu səfərinin, əmək və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Sazişin müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.



Nazir iki ölkənin müvafiq nazirlikləri arasında əmək bazarının tənzimlənməsi, əhalinin məşğulluğunun təminatı, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, peşə hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi və digər əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini bildirib.

S. Müslümov həmçinin bu ölkənin əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ilə də görüşüb. Bu görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.