Ağsuda yol uçdu - Yeddi kəndlə əlaqə kəsildi / YENİLƏNİB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu-Xanbulaq avtomobil yolundakı çökmənin səbəblərini açıqlayıb.
Agentlikdən verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.
Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.
Dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.
Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.
* * *
Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolunda torpaq uçqunu baş verib.
Rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq kəndinin yaxınlığında yolun bir hissəsi uçub.
Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan Yük maşını bataraq yolda qalıb.
Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.
Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobillər uçqun səbəbindən yolda qalıb.
Sözü gedən yolda 4 nöqtədə sürüşmələr qeydə alınıb.
Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.
Torpaq uçqununa intensiv yağışlarin səbəb olduğu bildirilir. (oxu.az)