“Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Lənkəranda maarifləndirici tədbir keçirilib

2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olan “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Lənkəran şəhərində maarifləndirici tədbir təşkil edib.
Tədbirin əsas məqsədi Azərbaycanda trüfelçilik sahəsinin inkişaf perspektivlərini təqdim etmək, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan şəxsləri trüfel istehsalının iqtisadi və ekoloji üstünlükləri barədə məlumatlandırmaq, eləcə də bu sahəyə marağı artırmaq olub.
Tədbir zamanı iştirakçılara trüfel göbələklərinin bioloji xüsusiyyətləri, onların fındıq və digər meşə ağacları ilə yaratdığı simbioz, trüfel bağlarının salınması üsulları, dünya təcrübəsi, Azərbaycanın iqlim və torpaq şəraitinin bu sahənin inkişafı üçün yaratdığı imkanlar, eləcə də gələcək ixrac potensialı haqqında geniş məlumat verilib.
Görüş iştirakçıları layihə çərçivəsində hazırlanmış təqdimatlarla tanış olub, onları maraqlandıran suallara cavab alıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
“Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə səmimi minnətdarlığını bildirir. Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə verdiyi töhfəyə görə Lənkəran Aqrar Təlim Mərkəzinin direktoru Rüfət Əsgərova və rəhbərlik etdiyi kollektivə dərin təşəkkür ifadə olunur. Göstərilən təşkilati dəstək, əməkdaşlıq və qonaqpərvərlik layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə vermişdir.
İctimai birlik gələcəkdə də ölkənin müxtəlif bölgələrində Quba, Şəki , Qəbələ -də maarifləndirici tədbirlərin keçirilməsini, fermerlərlə əməkdaşlığın genişləndirilməsini və Azərbaycanda trüfel istehsalının inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.